ICOM Azərbaycan Milli Komitəsinin 25 illiyinə həsr edilmiş tədbir keçiriləcək
2017-12-13

Dekabrın 15-də ICOM Azərbaycan Milli Komitəsinin 25 illiyi münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda tədbir keçiriləcək. Tədbirdə milli
komitənin bütün üzvləri iştirak edəcək.

Tədbir çərçivəsində ICOM Azərbaycan Milli Komitəsinin illik plenar konfransı təşkil ediləcək. Konfransda Mədəniyyət və Turizm Nazirliyi, UNESCO üzrə Azərbaycan Milli Komissiyası, diplomatlar və rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.

Tədbirdə ICOM Azərbaycan Milli Komitəsinin yenilənmiş saytının təqdimatı da olacaq. Konfrans milli komitənin yenilənmiş nizamnaməsinin müzakirəsi, 2019-cu
ildə Yaponiyanın Kioto şəhərində keçiriləcək ICOM-un Baş Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin hazırlanması üçün işçi qrupun müəyyənləşdirilməsi, habelə ICOM Azərbaycan Milli Komitəsi tərəfindən “İlin ən yaxşı muzey layihəsi” və “Komitənin ən fəal üzvü” nominasiyalarda təqaüdün verilməsi məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, milli komitənin əsas vəzifələri muzey işi və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək, xarici muzeylərin mütərəqqi təcrübələrinin öyrənilməsindən ibarətdir.

Milli komitənin prioritet işlərindən biri silahlı toqquşmalar zamanı mədəni dəyərlərin xilas olunması, onların qeyri-qanuni ticarətinə qarşı mübarizə aparılması, mədəni irsin qorunması və ölkədə muzey menecmentinin inkişafından ibarətdir.

https://azertag.az/xeber/ICOM_Azerbaycan_Milli_Komitesinin_25_illiyine_hesr_edilmis_tedbir_kechirilecek-1120590