Kamança simli musiqi alətinin hazırlanma və ifaçılıq sənəti
2017-ci ilin 7 dekabr tarixində Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında “Kamança simli musiqi alətinin hazırlanma və ifaçılıq sənəti” adlı çoxmillətli nominasiya (İran İslam Respublikası və Azərbaycan) UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Kamança sənətkarlığı və ifaçılıq sənəti Azərbaycanın bir neçə regionlarında, xüsusilə Bakı, Naxçıvan, Gəncə, Şəki, Quba, Qəbələ, Qarabağ, Ağdam və Lənkəranda qeyd edilir.
Azərbaycanda kamança ənənəsi çoxsaylı fərdi sənətkarlar, həvəskar və peşəkar ifaçılar tərəfindən nəsildən nəslə ötürülür. Şəhərlərdə kamança ifaçılıq sənəti uşaq musiqi məktəblərində, orta musiqi məktəblərində və ali musiqi məktəblərində kamança müəllimləri tərəfindən şagirdlərə və tələbələrə tədris edilir.
Kamanla ifa edilən dörd simli musiqi aləti kamançanın ifaçılığı Azərbaycanda çox qədim dövrlərə təsadüf edir. Tarixən bu aləti yaşadan onu nəsildən nəslə ötürən çoxsaylı ustad sənətkarlar mövcud olmuşdur. Bu gün də bu ənənə yüksək səviyyədə davam etdirilir və kamança ənənəsi yaşadılır, tədris və təbliğ edilir.
Kamança sənətinin davam etdirilməsində Musa Yaqubov və Ağamir Həsənov kimi aləti yaradan ustaların rolu böyükdür. Ustalar kamançanı tut və yaxud qoz ağacından hazırlayırlar. Çanağı kürəvi, qolu pərdəsiz, membranı (üzü) balıq dərisindən və ya qaramal ciyərinin pərdəsindən hazırlanır. Qolun aşağı qurtaracağına mil vurulur. Bu mil bütün gövdənin içərisindən keçərək ayaq kimi kənara çıxıb alətin söykənəcəyinə xidmət edir. Kamança çox vaxt sümüklə və sədəflə bəzədilir. Onun üzərindəki xərək çəp qoyularaq simlərin düzgün və rəvan səslənməsinə kömək edir. Ustalar metal simlərdən istifadə edirlər. Ümumi uzunluğu 700 mm, çanağının hündürlüyü 175 mm, eni 195 mm- dir.
Kamança musiqi alətinin ən geniş tədrisi və təbliği Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan respublika üzrə çox saylı yeddi uşaq musiqi məktəblərində, ali və orta səviyyədə təhsil isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeçiliyində olan musiqi kolleci və Milli Konservatoriyada həyata keçirilir. Bir çox musiqi qrupları - S.Rüstəmov adına xalq çalğı alətləri orkestri, Ə.Bakıxanov, Ə.Dadaşov, B.Salahov və bir çox xalq çalğı alətləri qruplarında kamança musiqi aləti aparıcı alət kimi geniş istifadə olunur. Bu alətin hazırda respublikada bir çox fərdi ifaçıları mövcuddur. Azərbaycanın xalq artistləri, ustad sənətkarlar Şəfiqə Eyvazova, Fəxrəddin Dadaşov, əməkdar artistlər Mirnazim Əsədullayev, Arif Əsədullayev, Munis Şərifov, Ağacəbrayıl Abbasəliyev, Elnur Əhmədov və bir çox mahir kamança ifaçıları bu ifaçılıq sənət növünün ənənəvi üsulla yaşadır, tədris edir və beynəlxalq səviyyədə təbliğ edirlər.
Müasir dövrdə Azərbaycan Respublikasında kamança musiqi alətinin ifaçılığı, tədrisi, tədqiqi və təbliği ilə məşhur olan və onun hər probleminin həllində maraqlı olan cavabdeh şəxslər bu növ ifaçılıq sənətini özünə peşə seçmiş yüzlərlə peşəkar ifaçılar, ali və orta təhsilli kamança müəllimləri hesab edilir. Bu kateqoriyadan olan şəxslər və fərdi kamança ifaçıları, eləcə də ənənəvi yolla kamança hazırlamaqla məşğul olan el sənətkarları bu musiqi alətinin bütün problemlərinin həllində olduqca maralıdırlar və buna məsuliyyətlə cavabdehlik daşıyırlar.