Milli komissya haqqında
BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan UNESCO-nun Nizamnaməsinin 7-ci maddəsinə əsasən, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini UNESCO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Bu səbəbdən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 21 fevral 1994-cü il Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2005-ci il tarixli 1006 saylı Sərəncamı ilə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilmiş və Milli Komissiyanın tərkibi müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 10 mart 2015-ci il tarixli, 11 iyul 2016-cı il tarixli, 29 avqust 2018-ci il tarixli, 12 noyabr 2019-cu il tarixli və 25 fevral 2020-ci il tarixli Sərəncamları ilə Milli Komissiyanın tərkibində bir sıra dəyişikliklər edilmişdir.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri xarici işlər naziri Ceyhun Bayramovdur.