Azərbaycan Respublikası ilə əməkdaşlıq

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 3 iyun 1992-ci il tarixində  UNESCO-ya üzv qəbul edilmişdir.

Azərbaycan Respublikası UNESCO-nun aşağıdakı Konvensiyalarına qoşulmuşdur:

1. Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il Konvensiyası (1993), ona dair Birinci Protokol (1993) və İkinci Protokol (2000);
2. Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında 16 noyabr 1972-ci il Konvensiyası (1993);
3. Avropa regionu dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 21 dekabr 1979-cu il Konvensiyası (1994);
4. Asiya və Sakit Okean dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 16 dekabr 1983-cü il regional Konvensiyası (1995);
5. Müəlliflik hüququ haqqında 6 sentyabr 1952-ci il Ümumdünya Konvensiyası (1997);
6. Avropa regionunda ali təhsil ixtisaslarının tanınması haqqında Konvensiya (1998);
7. Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci il Konvensiyası (1997);
8. Başlıca olaraq su quşlarının məskəni kimi beynəlxalq əhəmiyyətə malik su-bataqlıq yerləri haqqında 2 fevral 1971-ci il Konvensiyası (2001);
9. Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz istehsalında mühafizəsi haqqında 29 oktyabr 1971-ci il Konvensiyası (2001);
10. Beynəlxalq xüsusi hüququ unifikasiya institutunun (YUNİDRUA) oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni dəyərlər haqqında 1995-ci il Konvensiyası (2003);
11. Qeyri-maddi mədəni irsin qorunması haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyası (2006);
12. İdmanda dopinqə qarşı mübarizə haqqında 19 oktyabr 2005-ci il tarixli Beynəlxalq Kоnvеnsiyа (2007). 
13. Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il Konvensiyası (2010) 
14. Nəşrlərin beynəlxalq mübadiləsinə dair 3 dekabr 1958-ci il Konvensiyası (2020)

Azərbaycanda UNESCO-nun müxtəlif sahələri üzrə yaradılmış milli komitələr:

1. Muzeylərin Beynəlxalq Şurası (ICOM- International Council of Museums);
2. Beynəlxalq Hidroloji Proqram (IHP- International Hydrological Programme);
3. İnsan və Biosfer Proqramı (MAB- Man and the Biosphere Programme);
4. Beynəlxalq Bioetika Komitəsi (IBC- International Bioethics Committee);
5. İnformasiya Hamı üçün (IFA - Information For All)
6. Dünya Yaddaşı Proqramı üzrə Milli Komitə (Memory of the World Register Programme)

Azərbaycanın UNESCO-nun alt-qurumlarında təmsil olunması

Azərbaycan 2005-2019- cu illər ərzində İcraiyyə Şurasının üzvü, həmçinin bir sıra digər alt komitələrin üzvü olmuşdur.

Hazırda Azərbaycanın üzv olduğu alt-qurumlar:

1. Hökumətlərarası Bioetika Komitəsi (2017-2021)
2. Qeyri-Maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə (2018-2022)
3. Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında Konvensiyanın Hökumətlərarası Komitəsi (2019-2023)
4. Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsi (CIGEPS) (2019-2023)
5. Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurası (2019-2023) 

 

1993-cü ilin dekabr ayında Prezident Heydər Əliyevin Fransa Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev UNESCO- nun baş direktoru Federiko Mayorla görüşmüşdür. Görüşün sonunda Federiko Mayor Heydər Əliyevə UNESCO-nun xatirə medalını təqdim etmişdir.

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin «Dədə Qorqud kitabı»nın 1300 illik yubileyinin keçirilməsi ilə bağlı 20 aprel 1997-ci il fərmanına əsasən, «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyası yaradılmış, 21 fevral 1999-cu il tarixində Kitabi Dədə Qorqud dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında sərəncam imzalanmışdır. 9 aprel 2000-ci il tarixində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının və UNESCO baş direktoru K.Matsuuranın iştirakı ilə “Kitabi Dәdә Qorqud" dastanının 1300 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

19-21 oktyabr 2006-cı il tarixində UNESCO-nun Baş Qərargahında UNESCO-nun 60 illik yubileyinə həsr olunmuş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində “Azərbaycan – sivilizasiyaların və mədəniyyətlərin kəsişdiyi yer” adı altında Azərbaycan Günü keçirilmişdir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tədbirdə iştirak etmişdir.

 20 may 2008-ci il tarixində Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə, UNESCO- nun baş qərargahında xoşməramlı səfirlərin illik yığıncağı çərçivəsində ölkəmizin gənc istedadlarının “Azərbaycanın xoşməramlı mələkləri” adlı konsert proqramı təqdim edilmişdir. Proqram əsasında, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası tərəfindən 2009-cu ildə “Azərbaycanın xoşməramlı mələkləri” DVD diski hazırlanmışdır.

17 noyabr 2009-cu il tarixində “UNESCO-da Azərbaycan Günü” çərçivəsində UNESCO-nun baş qərargahında “Azərbaycan  qadını: dünən, bugün və sabah” mövzusunda konfrans keçirilmişdir.

14 dekabr 2010-cu ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri  Mehriban Əliyeva Parisdə UNESCO-nun yaradılmasının 65 illiyi ilə bağlı keçirilmiş yubiley mərasimində iştirak etmişdir.

19 aprel 2011-ci il tarixində UNESCO-nun baş qərargahında  Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə “Azərbaycanın gənc istedadları” adlı möhtəşəm konsert proqramı təşkil olunmuşdur. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və təşkilatın baş direktoru İrina Bokova konserti izləyənlər arasında olmuşlar. Konsertdən sonra Mehriban Əliyevanın adından ziyafət verilmişdir.

26 oktyabr 2011-ci il tarixində Mehriban xanım Əliyeva UNESCO-nun baş konfransının 36-cı sessiyası çərçivəsində təşkil olunan "UNESCO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir?" mövzusunda Liderlər Forumunda iştirak etmişdir. M.Əliyeva çıxışında dünyada yaşanan dərin maliyyə böhranından və on milyonlarla insanın irqinə, etnik köklərinə və dininə görə ayrı-seçkilik və təcrid olunmanın ağır nəticələri ilə üzləşməsindən bəhs etmişdir. Eyni zamanda, yeni dünya nizamının formalaşdığını və bu prosesin bir çox çətinliklərlə müşayiət olunacağını deyən M.Əliyeva qloballaşmanın humanitar aspektlərinin əhəmiyyətinə toxunaraq, səmimi dialoq və xoş məramın çətinliklərin uğurla aradan qaldırılmasında əsas vasitələr olduğunu qeyd etmişdir.

18 iyul 2013-cü il tarixində Parisdə, UNESCO-nun Baş Qərargahında ölkəmizin UNESCO-ya üzv olmasının 20 illik yubileyi ilə əlaqədar, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın iştirakı ilə təntənəli tədbirlər keçirilmişdir. Azərbaycan hökuməti tərəfindən 20 illik yubiley münasibətilə təşkilatın daxili həyətində yerləşdirilmiş daş at və daş qoç abidələrinin, eləcə də Azərbaycanda daş sənətinə həsr edilmiş sərginin açılış mərasimi keçirilmişdir. Tədbirdə UNESCO-nun Baş Direktoru İrina Bokova və Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva çıxış etmişlər. Təbrik iştirakçılarına Azərbaycanda daş sənətinin tarixini əks etdirən kitablar paylanmışdır.

18 iyul 2013-cü ildə AR mədəniyyət və turizm naziri Ə.Qarayev və UNESCO-nun Baş Direktoru İ.Bokova tərəfindən “Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” imzalanmışdır. Sazişdə nəzərdə tutulmuş və Azərbaycanın təşkilat üçün ayıracağı 5 milyon ABŞ dolları məbləğindəki maliyyə töhfəsi qeyri-maddi mədəni irs, qızların təhsili, elm və innovasiya texnologiyalarının inkişafı sahəsində UNESCO-nun işini möhkəmləndirəcək, eyni zamanda azərbaycanlı mütəxəssislərin təşkilatda daimi işlə təmin olunmasına və Azərbaycan maraqlarının təşkilatda qorunmasına şərait yaradacaqdır.

2014-cü ilin 24 yanvar tarixində, Parisdə, UNESCO-nun Baş Qərargahında Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov və UNESCO-nun Baş direktoru İrina Bokova tərəfindən “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Gənc Peşəkar Əməkdaş (GPƏ) Proqramının təşkili haqqında Saziş” imzalanmışdır. Sazişə əsasən, ölkəmizdən iki gənc mütəxəssis UNESCO-da işlə təmin olunmuşdur. Saziş ölkəmizlə təşkilat arasında olan ikitərəfli münasibətlərin inkişaf istiqamətlərini genişləndirməklə Azərbaycanın təşkilatda daha aktiv mövqe tutmasına, qərarların qəbul olunmasında yaxından iştirakına və ölkəmizin təşkilatla gələcək əməkdaşlıq imkanlarının artırılmasına imkan yaradacaqdır.

2 iyun 2014-cü il tarixində UNESCO-nun baş qərargahında Heydər Əliyev Fondunun dəstəyi ilə “Əsrlərdən bəri qorunub saxlanılan ənənəvi təamlar” adlı Azərbaycan mətbəxi həftəsi təşkil olunmuşdur.

15-18 sentyabr 2014-cü il tarixində UNESCO-nun baş qərargahında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Qobustan həftəsi keçirilmiş, Qobustanın UNESCO-da tanıtımı çərçivəsində Fərəc Qarayevin “Qobustan kölgələri” baletinin nümayişi və Qobustanın qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərginin açılışı olmuşdur.

6-13 may 2015-ci il tarixində  Heydər Əliyev Fondunun dəstəyi ilə UNESCO-da təşkil olunan “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmış Azərbaycanın çövkən oyununa həsr edilən sərgi təşkil olunmuş, fransız yazıçısı Jan-Lui Quronun “Qarabağ atları” kitabının təqdimatı keçirilmiş, “Azərbaycan: ənənədən müasirliyə” adlı sərgisi açılmış və “Yeni caz nəsli” qrupunun konserti təşkil olmuşdur.

17 noyabr 2015-ci il tarixində UNESCO Baş Konfransının 38-ci sessiyası çərçivəsində keçirilən Liderlər Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva  Parisdə səfərdə olmuşlar.

29-30 sentyabr 2016-cı il tarixlərində V Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdir. Forumda iştirak etmək üçün UNESCO Baş direktorunun müavini Getaçyu Engida və UNESCO-nun İcraiyyə Şurasının rəhbəri Maykl Vorbs Bakıda səfərdə olmuşlar. UNESCO təmsilçiləri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, AR xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və AR mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşlər keçirmişlər. UNESCO Baş direktorunun müavini Getaçyu Engida Azərbaycan Televiziyasının qonağı olmuş, AzərTAc-ın baş direktoru Aslan Aslanovla görüşmüşdür. 4-6 may 2017-ci il tarixlərində keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun 2 tədbiri – UNESCO-nun Mədəniyyətlərarası və dinlərarası kafedralarının 2-ci akademik forumu və UNESCO İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsini 3-cü toplantısı keçirilmişdir.