UNESCO-nun iştirakı ilə Azərbaycanda təşkil olunan tədbirlər
24 avqust 2005-ci il tarixində Bakı şəhərində “UNESCO-Аzərbаycаn: gələcəyə körpü” mövzusunda beynəlxalq kоnfrаns keçirilmişdir.
10-11 iyun 2008-ci il tarixində Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum keçirilmişdir. Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü, UNESCO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, UNESCO-nun xoşməramlı səfirləri iştirak etmişlər.
18-25 mart 2009-cu il tarixində Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Bakıda Birinci Beynəlxalq Muğam Festivalı təşkil olunmuşdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, UNESCO-nun Baş Direktoru cənab Koişiro Matsuura və dünyanın 17 ölkəsindən festivala gəlmiş çoxsaylı qonaqlar mərasimdə iştirak etmişlər. Festival çərçivəsində elmi simpoziumlar, muğam ifaçılarının beynəlxalq müsabiqəsi və müxtəlif konsertlər təşkil edilmişdir.
2009-cu ildən etibarən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə insan hüquqları ilə bağlı müxtəlif mövzulara həsr olunan Ombudsmanların Beynəlxalq Bakı Konfransını təşkil edir.
2011-ci ildən etibarən ölkəmizdə BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəyi ilə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. 2011-ci ildə təşkil olunan forumda UNESCO-nun strateji planlaşdırma üzrə baş direktorunun müavini Hans D’Orvil, 2013, 2015 və 2017-ci illərdə isə təşkilatın baş direktoru İrina Bokova iştirak etmişlər.
31 may-2 iyun 2011-ci il tarixində Bakıda UNESCO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası keçirilmişdir. UNESCO, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və AMEA tərəfindən Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Hökumətinin dəstəyi ilə təşkil olunan tədbirdə 80-ə yaxın xarici qonaq, o cümlədən UNESCO-nun baş direktor müavini Pilar Alvarez Laso, Beynəlxalq Bioetika Komitəsinin ekspertləri, UNESCO-nun əməkdaşları iştirak etmişlər. Sessiyanın açılış mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın tədbir iştirakçılarına ünvanlanmış müraciətini səsləndirmişdir. Həmçinin UNESCO Baş Direktoru İrina Bokovanın tədbir iştirakçılarına video-müraciəti nümayiş etdirilmişdir.
2011-ci ildən etibarən təşkil edilən və UNESCO tərəfindən dəstəklənən Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya gətirən tədbirdir. 2011-2016- cı illərdə keçirilən beş forumda UNESCO yüksək səviyyədə təmsil olunmuşdur.
5-9 noyabr 2012-ci il tarixində Azərbaycan hökuməti, Avropa Şurası, Avropa Yayım Birliyi, ATƏT və UNESCO-nun birgə təşkilatçılığı ilə VII İnternet İdarəçilik Forumu keçirilmişdir. Tədbirdə UNESCO-nun baş direktorunun kommunikasiya və informasiya məsələləri üzrə müavini Yanis Karklins iştirak etmişdir.
13 - 15 mart 2013-cü il tarixində UNESCO üzrə AR-nın Milli Komissiyası və AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin Növbədənkənar İclası keçirilmişdir. Tədbirdə UNESCO-nun Baş Direktorunun müavini Pilar Alvarez-Laso iştirak etmişdir.
14 iyun 2013-cü il tarixində Bakıda AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İnkişaf naminə birlik” devizi altında Azərbaycan Qadınlarının 4-cü Qurultayı keçirilmişdir. 2000-ə yaxın nümayəndə və qonağın iştirak etdiyi tədbirdə UNESCO üzrə AR Milli Komissiyasının Birinci Katibi G.Əfəndiyeva UNESCO-nun Baş Direktoru İ.Bokovanın təbrik məktubunu qurultay iştirakçılarının diqqətinə çatdırmışdır.
2 - 8 dekabr 2013-cü il tarixində Bakıda UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçirilmişdir. 116 ölkədən 611 nümayəndənin iştirak etdiyi sessiyaya AR mədəniyyət və turizm naziri Ə.Qarayev sədrlik etmişdir. Açılış mərasimdə iştirak edən AR Baş nazirin müavini Elçin Əfəndiyev AR Prezidenti cənab İlham Əliyevin sessiya iştirakçılarına təbrik məktubunu oxumuşdur. Daha sonra UNESCO-nun Baş Direktoru İ.Bokovanın videomüraciəti nümayış etdirilmişdir.
27-29 may 2014-cü il tarixində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AMEA və digər qurumların birgə təşkilatçılığı ilə Dünya Gənc Alimlərinin "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" mövzusunda Beynəlxalq Bakı Forumu keçirilmişdir. Forumda UNESCO-nun Baş Konfransının prezidenti Hao Ping iştirak etmişdir. Səfərdə olduğu müddətdə Hao Pingin Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun Xoşməramlı Səfiri Mehriban Əliyeva, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovla görüşləri təşkil olunmuşdur.
17-18 noyabr 2014-cü ilin tarixində ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, Qafqaz Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə Bakıda “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. UNESCO üzrə AR Milli Komissiyasının Birinci Katibi G.Əfəndiyeva UNESCO baş direktoru İ.Bokovanın məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
18-19 dekabr 2014-cü il tarixlərində Bakıda UNESCO üzrə AR Milli Komissiyasının təşkilatçılığı ilə TÜRKSOY-a üzv olan ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin Beşinci İclası keçirilmişdir. İclasda xarici ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrindən, eyni zamanda digər qurumlardan 65 xarici, ümumilikdə 120-dən çox nümayəndə iştirak etmişdir. Tədbirə sədrlik, o cümlədən Milli Komissiyaların işinin əlaqələndirilməsi funksiyası növbəti iclasa qədər Azərbaycana keçmişdir.
19 may 2015-ci il tarixində UNESCO üzrə AR Milli Komissiyasının təşkilatçılığı ilə Bakıda Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dinlərarası və mədəniyyətlərarası dialoq üzrə UNESCO kafedralarının Akademik Forumu keçirilmişdir. Forumda UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Nada Əl-Naşif iştirak etmişdir. Tədbir bu sahədə UNESCO çərçivəsində təşkil edilən ilk Forum olmuşdur. 4 may 2017-ci il tarixində Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun Dinlərarası və mədəniyyətlərarası dialoq üzrə UNESCO kafedralarının İkinci Akademik Forumu keçirilmişdir. Forumda UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Nada Əl-Naşif iştirak etmişdir.
4 may 2017-ci il tarixində Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3- cü toplantısı keçirilmişdir. Tədbirdə UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Nada Əl-Naşif iştirak etmişdir.
5 may 2017-ci il tarixində Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşü olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva görüşdə çıxış edib. Tədbirdə beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən UNESCO baş direktoru İrina Bokova iştirak etmişdir.
6 may 2017-ci il tarixində IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda yüksək səviyyəli görüş keçirilmişdir. Tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, UNESCO-nun baş direktoru İrina Bokova, Efiopiyanın birinci xanımı Roman Tesfaye, Malinin birinci xanımı Keita Aminata Maiga iştirak etmişlər.
4-6 may 2017-ci il - UNESCO-nun Baş Direktoru İrina Bokova Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində baş direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən qəbul edilmiş, Beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşündə, “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda yüksək səviyyəli görüşdə, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin iştirakı ilə görüşdə iştirak etmişdir.
2-3 may 2019-cu il tarixində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmiş və Forumda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın nümayəndələri iştirak etmiş, UNESCO-nu isə Baş direktorun müavini Nada Al-Naşif təmsil etmişdir.
30 iyun-2 iyul 2019-cu il UNESCO-nun Baş direktoru Odre Azule UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə səfər etmişdir. Səfər çərçivəsində Baş direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ilə görüşmüşdür.