Təşkilat haqqında qısa məlumat
BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO dünyanın təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Təşkilatın Nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə 20 üzv dövlətdən ibarət UNESCO öz rəsmi fəaliyyətinə başlamışdır.
Hazırda UNESCO 193 ölkə və 11 assosiativ üzvdən ibarətdir. O, BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir. Həmçinin aparıcı dövlətlərarası təşkilatlarla (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, Afrika Birliyi Təşkilatı, Ərəb Dövlətləri Liqası, İSESKO, TÜRKSOY və s.) da geniş əlaqələrə malikdir. Eyni zamanda, UNESCO yüzlərlə qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir.
UNESCO üç əsas işçi orqandan ibarətdir: Baş Konfrans, İcraiyyə Şurası və Katiblik.
Baş Konfrans UNESCO-nun ali orqanıdır. Konfransın iclasları iki ildən bir keçirilir. Əhalisinin sayından və ya büdcəyə verdiyi vəsaitin həcmindən asılı olmayaraq, hər üzv dövlət bir səsə malikdir. Baş Konfrans təşkilatın fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.
İcraiyyə Şurası UNESCO-nun icra orqanıdır. O, Baş Konfransın işini təşkil edir və onun qərarlarının düzgün icra olunmasına nəzarət edir. Şuranın funksiya və vəzifələri Nizamnamə ilə və Baş Konfransın qayda və direktivləri ilə müəyyən olunur. Şuranın 58 üzvü var və onlar Baş Konfrans tərəfindən, əsasən, təmsil etdikləri mədəniyyətlərin müxtəlifliyi və mənsub olduqları coğrafi məkan əsasında seçilir. İcraiyyə Şurasının iclasları ildə iki dəfə keçirilir.
Katiblik UNESCO-nun daimi fəaliyyət göstərən orqanıdır və Fransa Respublikasının Paris şəhərində yerləşir. Burada UNESCO-ya üzv olan dövlətlərin vətəndaşı çalışır.
UNESCO-nun baş direktoru vəzifəsini 2017-ci ilin 15 noyabr tarixindən xanım Odre Azule (Fransa) icra edir.
UNESCO Parisdəki baş qərargahından əlavə, dünyanın müxtəlif ölkələrindəki regional büroları, institutları və mərkəzləri ilə geniş şəbəkəyə malikdir.