Nazik çörəyin hazırlanması və paylaşılması mədəniyyəti – lavaş, katrıma, jupka, yufka
“Nazik çörəyin hazırlanması və paylaşılması mədəniyyəti – lavaş, katrıma, jupka, yufka” 2016-cı ilin noyabr ayında çoxmilli nominasiya kimi (Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Türkiyə) UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edilmişdir.
Lavaş un və sudan hazırlanan nazik çörəkdir. Azərbaycanda bütün süfrələrdə rast gəlinən lavaş digər çörək növləri ilə birlikdə təqdim edilir. Azərbaycanlılar səhər yeməklərində lavaşın üzərinə kərə yağı və pendir qoyub onu bükərək dürmək edirlər və şirin çayla yeyirlər. Lavaş restoran və kafelərdə lülə kababla birgə süfrəyə verilir, ehsan halvası da lavaşa bükülərək paylanır. Lavaşdan plovun hazırlanmasında da istifadə olunur, həmçinin müxtəlif kulinariya reseptlərində də lavaşın adına rast gəlmək mümkündür. Bu, eyni zamanda, xalqın zəngin təxəyyülünün göstəricisidir.
Lavaş ənənəvi sobalarda – təndirdə, çox nazik formada bişirildikdə isə sacda hazırlanır.
Lavaşın hazırlanması kollektiv fəaliyyət hesab olunur, bu prosesdə ailənin bütün üzvləri, bəzi qəsəbə və kəndlərdə isə qonşular, dostlar da iştirak edir. Birgə iş zamanı zarafat, şən əhval-ruhiyyə yaranır və dostluq münasibətləri, qonaqpərvərlik ənənələri möhkəmlənir. Bəlkə də, bu səbəbdən lavaş Azərbaycanda dərin köklərə malik ənənə simvoluna çevrilmişdir. Lavaşı bir çox vacib əhəmiyyətli hadisələr zamanı – toy, nigah mərasimlərində, yas mərasimlərində kəsirlər. Beləcə, lavaşın hazırlanması və kəsilməsi ənənəsi Azərbaycan kulinariyasının əsasını təşkil edir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar zamanı bürünc dövrünə aid olan və lavaşın hazırlanmasında istifadə olunan məmulatlara rast gəlinmişdir. Bu, onu göstərir ki, lavaşın hazırlanma üsulu əsrlər boyu dəyişilməz qalmışdır. Həmçinin bu fakt Azərbaycan xalqının öz çoxəsrlik ənənələrinə sadiqliyinin təcəssümüdür.