İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi
"İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi” 27 noyabr - 2 dekabr 2000-ci il tarixində Avstraliyanın Kerns şəhərində keçirilən UNESCO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 24-cü sessiyası çərçivəsində Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
İçərişəhər Bakının ürəyi, Azərbaycan tarixinin və mədəniyyətinin incisi, bu günümüzə qədər qorunub saxlanan “şəhər içində şəhər”dir. İçərişəhər mühiti, gözə görünməyən enerjisi yüzilliklərin sirlərini özündə qoruyub saxlayır. İçərişəhərin sahəsi çox kiçikdir, 22 hektar olsa da, bu torpaqların hər bir parçası tarixi özündə canlandırır. Qız Qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi Bakının ən məşhur simvollarıdır və dünya əhəmiyyətinə malikdirlər.
İçərişəhəri qala da adlandırırlar, çünki hündürlüyü 8-10 metr, qalınlığı 3-5 metr olan qala divarları ilə əhatə olunmuşdur. Qala divarlarının qapıları da mövcuddur – Şamaxı, Salyan və Qoşa Qapı onlardan ən məşhurlarıdır. Qalanın altından bir neçə kilometrlik yeraltı yollar keçir. Əvvəllər İçərişəhərdə 28 hamam fəaliyyət göstərirdi, onlardan Qasım bəy və Mikayıl ağa hamamları bu günümüzədək saxlanmışdır.
İçərişəhər sözün əsl mənasında qədim abidələrin xəzinəsidir.
Şirvanşahlar sarayı
İçərişəhərin inkişafı 1192-ci ildə Şamaxıda baş vermiş zəlzələ ilə əlaqəlidir. Belə ki, zəlzələ nəticəsində Şirvan rəhbərliyi paytaxtı Bakıya köçürməli oldu və bunun nəticəsində Şirvanşahlar Sarayı tikildi.
Şirvanşahlar Sarayı kompleksinə Yaxın Şərqdə analoqu olmayan sarayı, məhkəmə binası, XV əsrdə yaşamış orta əsr alimi Seyid Yəhya Bakuvinin qəbri, saray məscidi, şah ailəsinin dəfn olunduğu qəbiristanlıq, qədim saray hamamı, eləcə də 34 pilləli büllur sulu yeraltı su anbarı daxil idi.
Sarayın 52 otağından 27-si birinci mərtəbədə, 25-i ikinci mərtəbədə yerləşirdi. Hazırda ikinci mərtəbədə 15 otaq qalmışdır. Birinci mərtəbədə mətbəx və anbar yerləşir. İkinci mərtəbədə yerləşən gözləmə zalı ilkin vəziyyətdə qalmış yeganə otaqdır.
Qız Qalası
Hündürlüyü 28 metr, diametri 16-16,5 metr, aşağı divarının qalınlığı 5 metr, yuxarı divarının qalınlığı 4 metrdir. Qız qalası silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən dayaq dəstəyinə oxşar iri bir tikilidən ibarətdir. Qala səkkiz mərtəbəyə bölünmüş, hər mərtəbənin ayrıca daş tağtavanı və ya günbəzi olmuşdur. Bu mərtəbələr divarın içində tikilmiş daş pilləkən vasitəsilə bir-birilə birləşir. Qalanın fasadının qapı yerinin üstündə iri bir daş üzərində kufi xətlə yazılmış bir kitabə vardır. Burada “Davudun oğlu, Məsudun qalası” sözləri yazılmışdır. Bu kitabə qalanın yuxarı hissəsinin XII əsrdə Səlcuq sultanı Məsud tərəfindən tikdirildiyinin göstəricisidir. Əslində sübut olunmuşdur ki, qalanın aşağı hissəsi daha əvvəllər, e.ə. VIII-VII əsrlərdə tikilmişdir. Belə nəticəyə gəlmək olar ki, Qız qalası Ginnesin rekordlar kitabına daxil edilmiş Misirdə Sinay yarımadasında yerləşən qaladan 1200 il daha qədimdir. Bununla əlaqədar, Ginnesin rekordlar kitabına müvafiq məlumat göndərilmişdir.
İçərişəhərdə yerləşən digər 28 abidə də tarixi əhəmiyyətə malikdir.
Azərbaycanda baş verən zəlzələ nəticəsində abidələrə zərər dəymiş və bununla bağlı bir sıra problemlərə görə İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi
18-19 dekabr 2013-cü il tarixində Parisdə UNESCO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 8-ci Sessiyası çərçivəsində bu mədəni irs nümunəsinə "gücləndirilmiş mühafizə" statusu verilmişdir.