Azərbaycan muğamı
"Azərbaycan Muğamı" 7 noyabr 2003-cü il tarixində Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. 2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Azərbaycan xalqı üçün muğam həm musiqi, həm fəlsəfə, həm insanın ruhunu oxşayan özünəməxsus meditasiyadır. Azərbaycanda bir sıra muğam ifaçılıq məktəbləri formalaşmışdır. Bu janr ölkənin bütün bölgələrində yayılmışdır, lakin muğam yaradıcılığının əsas mərkəzləri Bakı, Şamaxı, Gəncə, Naxçıvan və Şuşa hesab olunur. Onların arasında Şuşada – “Şərqin konservatoriyası”nda formalaşmış Qarabağ muğam məktəbi xüsusi maraq kəsb edir. Şuşa mühitində gözəl səslərin və istedadların dəyərini yaxşı bilirdilər və təbiət öz gözəlliyi və həyat verən havası ilə bu istedadlara həyat verirdi. Xan Şuşinski, Zülfi Adıgözəlov, Seyid Şuşinski, Əbülfət Əliyev, Mütəllim Mütəllimov, İslam Rzayev, Arif Babayev kimi dahi ustadlar Şuşa muğam məktəbinin parlaq simalarıdır. Qarabağın muğam ifaçılarının əsas vizit kartı “Qarabağ şikəstəsi” muğamıdır.
Son onilliklərdə muğama dair böyük elmi ədəbiyyat formalaşmışdır. Azərbaycan musiqisində muğam şifahi ənənənin peşəkar musiqi sənəti; şifahi ənənəyə malik Azərbaycan klassik musiqi janrlarından biri; iri həcimli vokal – instrumental və ya instrumental əsər hesab olunur. Muğam mürəkkəb ideya – emosional məna daşıyır, dərin təfəkkür, bədii həyacan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edir. Peşəkar musiqi ifaçılarının yaradıcılıq məhsulu olan muğam şifahi ənənələr arasında ustad – şagird münasibətləri zəminində nəsildən – nəsilə ötürülür. Muğam yarandığı zamanlardan başlayaraq, əsrlər boyu formalaşmış və kamilləşmişdir.
Muğamın tarixi çox qədimdir. Şərq musiqisinin möhtəşəm sənət abidəsi olan muğamın yaranmasını alimlər hələ keçən minilliyə, İslamaqədərki dövrə aid edirlər. Onun köklərini zərdüştiliklə bağlayırlar. Muğam sözünün mənası da “Allah tərəfindən göndərilən musiqi” kimi izah olunmuşdur. Muğamın İlahinin qüdrətilə insanların ruhunu təmizləməsi, saflaşdırılması fikri də söylənilir. Təsadüfi deyil ki, qədim dövrün alimləri insanları muğam sədaları ilə müalicə edirdilər.
Muğamın bir janr kimi formalaşması XII–XIII əsrlərə - “Müsəlman Renessansı” dövrünə aid edilir. Bu dövrdə məhz poeziyanın yüksəlişi (Nizami, Xaqani, Nəsimi, Füzuli və başqa şairlər) muğamın da inkişafına təkan vermişdir. Müasir dövrdə Azərbaycan musiqi irsinin əsasını “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər”, “Hümayun” və s. muğamlar təşkil edir. Muğam ənənələri bu gün də qorunub saxlanılmaqdadır.
Muğam ustad-şagird məktəbi keçmiş, ifaçılıq texnikasını mənimsəmiş, muğam və poeziya qanunauyğunluqlarını yaxşı bilən, eləcə də virtuoz improvizəçi və bəstəkar keyfiyyətlərinə malik olan peşəkar musiqiçilər tərəfindən şifahi ənənələr əsasında yaradılır. Muğam yaradıcı təfəkkür üçün geniş imkanlar açan bir prosesdir. Muğam ifaçısı – xanəndə öz zövqündən, istedad və bacarığından asılı olaraq bir muğamdan digərinə keçərək öz ifaçılıq versiyasını yarada bilər.
Bir sıra muğam janrları var: muğam dəstgahı, zərbi muğamlar, kiçik formalı muğamlar və d. Ölkədə təşkil olunan muğam müsabiqələri muğam ifaçılarının yeni nəslinin formalaşmasında böyük əhəmiyyətə malikdir. Azərbaycanda muğam ifaçılarının yaradıcı irsi dünya miqyasında qorunur və təbliğ olunur. Belə ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın himayəçiliyi ilə muğam sənətinin qorunması və inkişafı üzrə müvafiq tədbirlər həyata keçirilir. Beynəlxalq Muğam Mərkəzi yaradılmış, “Muğam dünyası” Beynəlxalq Muğam Festivalı keçirilməyə başlamış, gənc muğam ifaçıları festivalları təşkil olunur, “Muğam aləmi” jurnalı dərc olunur, arxiv yazıları bərpa olunur və elektron daşıyıcılara köçürülür və s.
Həmçinin bilavasitə onun iştirak və təşəbbüsü ilə “Əbədi muğam” layihəsi işlənib hazırlanmış və bu layihə çərçivəsində muğam incilərimizin bütün dünyada tanıtımı və məşhurlaşması üçün irimiqyaslı işlər görülmüşdür.