Qadın ipək baş örtüyü kəlağayının hazırlanması və simvolikası
2014-cü ilin noyabr ayında Azərbaycan kəlağayısı UNESCO-nun Bəşəriyyətin qeyri maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına “Qadın ipək baş örtüyü kəlağayını ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə daxil edilmişdir.
Kəlağayi təmiz ipəkdən hazırlanmış milli qadın baş örtüyüdür. Kəlağayinin kənarları həndəsi və müxtəlif ornamentlərlə bəzədilir. Xalq sənətkarları bu naxışları yaradarkən onları əhatə edən təbiətin gözəlliyindən ilhama gəlmiş və yaylıqları bağ çiçəkləri olan qızılgül, zanbaq və digər güllərlə, həmçinin nar, alma, albalı kimi meyvə ağaclarının çiçəkləri ilə bəzəmişlər. Həndəsi naxışların gözəlliyi bitki motivləri ilə həmahənglik təşkil edir. Bununla yanaşı, “buta” kəlağayının bəzədilməsində hər zaman əsas element olmuşdur və olmaqdadır. Mütəxəssislər butanın mənasını müxtəlif cür açıqlayır, çox vaxt butanı əbədi həyat simvolu hesab edirlər. Bəlkə də bu səbəbdən bir çox Azərbaycan xalçalarında butaya rast gəlinir.
Ötən əsrlərin qadın geyimlərində kəlağayı kimi atributun meydana gəlməsi Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlıdır. İpək istehsalı qədim Nuxada (Şəki) başlamışdır. Görkəmli Azərbaycan maarifçisi, dramaturqu və etnoqrafı Rəşid bəy Əfəndiyev özünün “Azərbaycanın Şəki əyalətində ipəkçilik oçerki”ndə Nuxanı Çinlə eyni səviyyədə tutaraq ipəkçiliyin vətəni adlandırmışdır. Bunu bəzi tarixi mənbələr də təsdiq edir. Rəşid bəy Əfəndiyev XIX əsrdə fransız mütəxəsislərin Şəkiyə ipəkqurdunun saxlanılması təcrübəsini öyrənmək üçün gəldiklərini sübut etmişdir.
Böyük İpək Yolu sayəsində Şəki ipəyi və ipəkdən olan məmulatlar başqa ölkələrə ixrac edilirdi. Tədricən Naxçıvan, Ordubad, Şamaxı, Şəki və Gəncə şəhərləri ipək məmulatları istehsal edən mərkəzlərə çevrildilər. Bu məmulatlar arasında kəlağayıya daha çox tələbat var idi. İngiltərə, İtaliya, Hollandiya və başqa ölkələrdən olan səyyahlar öz yol qeydlərində Azərbaycanın müxtəlif şəhərlərinin ticarət məkanlarında zərif, incə ipəkdən qadın baş örtüklərinə rast gəlindiyini xatırlatmışlar. İpəkdən olan kəlağayılar əyalətlərdə ornamentlərinin müxtəlifliyinə görə fərqlənirdilər. Marko Polonun Bərdə və Şamaxı ipək yaylıqları daha çox xoşuna gəlirdi.
Kəlağayı sumax, itburnu, zəfəran, sarıkök, soğan qabığı və digər bitkilərdən alınmış təbii boyaqlarla tünd və açıq rənglərlə boyanırdı. Qırmızı, ağ, göy, mavi rənglər üstünlük təşkil edirdi və hər biri müxtəlif yaşda olan qadınlar üçün, adətən tünd rənglər yaşlı, açıq rənglər isə cavanlar üçün nəzərdə tutulurdu. Yaylıqlar boyandıqdan sonra sənətkarlar bəzəmə işinə başlayırdılar. Keçmiş zamanlarda kəlağayını yalnız kişilər hazırlayırdı. Kəlağayı istehsalında qəlib-naxışların müxtəlif elementlərindən ibarət olan möhürlər əsas yer tuturdu. Qəliblər, əsasən, möhkəm ağac növlərindən (qoz və armud) və ya polad lövhələrdən hazırlanırdı. Onların köməyi ilə naxışlar “basmanaxış” texnikası ilə parça üzərinə yerləşdirilirdi. Bu naxış texnikası dünyada “isti batik” metodunun analoqu hesab edilir. Kəlağayının hər bir naxışı ipək yaylığı bəzəməklə yanaşı, özündə müəyyən bir məlumatı daşıyır, onlardan sevgini etiraf etmək, üzr istəmək olar və digər məqsədlərlə məktub kimi istifadə etmək mümkündür.
Bir neçə yüz illiklər ərzində Şəkidə kəlağayı ilə bağlı adətlər formalaşmışdı. Məsələn, ev sahibi yeni evin tikintisində evin hündür yerində özünün maddi vəziyyətindən aslı olaraq birdən-üçədək kəlağayı bağlayırdı ki, tikinti qurtardıqdan sonra onları ustaya hədiyyə etsin. Qırmızı rəngdə olan ipək kəlağayıdan gəlinin üzünü örtmək üçün istifadə edirdilər. Bəyin qohumları isə toyda onun çiyninə müxtəlif rənglərdə olan kəlağayı atırdılar. Evin darvazasına kəlağayı bağlamaqla evdə xeyir işin olacağını xəbər verirdilər.
Keçən əsrin sonlarında qədim Basqal kəndində əl ilə kəlağayı istehsalı texnologiyası bərpasına başlanmışdır. Orada həmçinin kəlağayı muzeyi açılmışdır. Hal-hazırda Azərbaycanda milli mədəniyyəti əks etdirən unikal, qadın ipək yaylıqlarının istehsalı üzrə iki mərkəz- qədim Şəki və Basqal kəndi fəaliyyət göstərir.
2014-cü ilin noyabr ayında Azərbaycan kəlağayısı UNESCO-nun Bəşəriyyətin qeyri maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına “Qadın ipək baş örtüyü kəlağayını ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə daxil edilmişdir.