İspaniyanın xəbər portalında “Xınalıq” qoruğunun UNESCO-nun Dünya İrs Siyahısının ilkin siyahısına salınması barədə məqalə dərc olunub
2020-07-10

İspaniyanın “Patrimonio actual” internet portalında Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun UNESCO-nun Dünya İrs Komitəsinin ilkin siyahısına daxil edilməsi barədə məqalə dərc olunub.

Məqalədə Qoruqları İdarəetmə Mərkəzinin bir ildən sonra qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün nominasiya prosesinə başlamağı planlaşdırdığı qeyd olunub.

UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş qaydalara uyğun olaraq istənilən tarixi-mədəni abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirmək üçün həmin abidənin mütləq şəkildə ən azı bir il öncədən ilkin siyahıya salınması tələb olunur. İlkin siyahı hər bir üzv dövlətin Dünya İrs Siyahısına namizədliyini irəli sürmək üçün nəzərdən keçirmək istədiyi abidələrin siyahısıdır. Bu siyahı Dünya İrs Mərkəzi tərəfindən təşkilatın rəsmi internet səhifəsində və uyğun iş sənədlərində dərc olunur.

Qaydaya əsasən, Dünya İrs Komitəsi öncə dövlətin ilkin siyahısına daxil edilməyən abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirə bilməz.

Diqqətə çatdırılır ki, Azərbaycan Respublikasının Quba rayonunda yerləşən Xınalıq kəndi özünün ecazkar tarixi məkanları, ləzzətli mətbəxi və mənzərəli təbiəti ilə heyrətamiz bir turizm məkanıdır.

Kəndin tarixi ilk məskunlaşma izləri eramızdan əvvəl IV minilliyə – Tunc dövrünə təsadüf edir. Elmi araşdırmalar nəticəsində Xınalıq kəndində qədim Azərbaycan dövləti Qafqaz Albaniyasının izləri aşkar edilib.

Azərbaycanın Xınalıq kəndi özünəməxsus dilinə, adət və ənənələrinə malikdir. Kənd dağların əhatəsində yerləşməsi səbəbindən kənd sakinləri heç bir dil qrupuna aid olmayan öz dillərini qoruya bilmişlər.

Xınalıq kəndi özünəməxsus memarlığı ilə diqqəti ilk baxışdan cəlb edir. Burada yamaclar çox dik olduğu üçün evlər bir-birinə çox yaxın tikilmişdir. Evlərin damlarında tüstü bacaları qurulub, döşəmələr və divarlar kilimlərlə örtülüb.

Qeyd olunur ki, Xınalıq kəndində Xıdır Nəbinin türbəsi, Şeyx Şalbuz və Əbu Müslimin məscidləri, qədim qəbiristanlıqlar, həmçinin kəndin ilk sakinlərinin məbədləri da daxil olmaqla bir çox tarixi məkanlar mövcuddur.

Azərbaycan hökuməti kəndin özünəməxsus tarixinin və təbiətinin qorunması məqsədilə 2007-ci ildə ərazini mədəni-tarixi və etnoqrafik qoruq elan edib.

 

https://azertag.az/xeber/1533325