Ernesto Ottone: Bakıda keçiriləcək COP29 iqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir

UNESCO baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone

Link: https://azertag.az/

Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 iqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir. Məhz Bakıda “Dostluq qrupu”nun fəaliyyətinin aktivləşəcəyi, iqlim dəyişikliyi ilə bağlı qəbul ediləcək qərar və görüləcək tədbirlər mədəni irsin qorunması baxımından da böyük əhəmiyyət kəsb edəcək.

Bu fikirləri Azərbaycanın “Mədəniyyətə əsaslanan iqlim fəaliyyəti” (C4C) adlı təşəbbüsünə həsr edilmiş konfransda təşkilatın baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone AZƏRTAC-a müsahibəsində deyib.

“Ötən il Dubayda keçirilmiş COP28-dən sonra Bakıda “Dostluq qrupu”muzun fəaliyyəti daha da aktivləşəcək. İqlim dəyişikliyi bu gün mədəniyyətin qarşılaşdığı ən böyük təhlükələrdən biridir. İqlim dəyişikliyi ilə bağlı qəbul olunacaq qərarlar və atılacaq addımlar mədəni irsin qorunması baxımından böyük əhəmiyyət kəsb edəcək”, - deyə E.Ottone qeyd edib. O bildirib ki, mədəniyyət iqlim dəyişikliyinin təsirlərinin azaldılması və uyğunlaşması üçün güclü və hələ də istifadə olunmamış mənbədir. Mədəniyyət iqlim dəyişikliyinin təsirlərinə innovativ və icma əsaslı həllər təqdim edir.

AZƏRTAC
Paris