Novruz Bayramı

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2009-cu il 28 sentyabr – 2 oktyabr tarixlərində keçirilən dördüncü sessiyası zamanı “Novruz” çoxmillətli nominasiya kimi, (Azərbaycan, Hindistan, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

Novruz bayramı Azərbaycan xalqının ən mühüm və sevimli bayramlarından biridir. O, yazın gəlişini və 20-21 mart astronomik yeni ilin başlanmasını bildirir.

Bayram bir neçə gün davam edir, lakin onun üçün hazırlıq  qışın son  ayından  başlayır. Bu bayramın mahiyyəti ondan ibarətdir ki, insanlar köhnə illə, qışla vidalaşaraq,  təbiətin oyanışını bildirən bu bayramı qarşılamağa hazırlaşırlar.

Qədim köklərə malik olan bu bayram bir çox adət və ənənələrə malikdir. Bu adət ənənələr məhv olan və canlanan təbiətlə, sehrli qüvvələrlə bağlıdır.  Ay ərzində hər həftənin çərşənbə axşamı günü 4 ünsürə - su, od, torpaq və bayram qabağı sonuncu çərşənbə axşamı - “Axır çərşənbə” küləyə həsr olunur, həmin gün agaclarda tumurcuqlar açır və yaz gəlir. Hesab edilir ki, birinci çərşənbədə su hərəkətə gəlir və yenilənir, ikinci çərşənbədə tonqal qalanır. Bu günlərin hər biri ilə xalq arasında inanclar, şeirlər, ayinlər, oyunlar mövcuddur.

Ən mühüm və əhəmiyyətli  "axır çərşənbə" hesab edilir. Bu  gün öz milli xüsusiyyətləri ilə zəngin olan bir gündür və evdə təmizlik işlərini və bayram yeməklərini hazırlayıb çatdırmaq lazımdır. Əvvəlcədən səməni yetişdirilir, yumurta boyanır və milli şirniyyatlar bişirilir. Bayram qabağı hamı bir-birini təbrik edir. Bayram süfrəsində ailə üzvlərinin sayı qədər şam yandırılır və niyyət edilir. Uşaqlar adətə görə qonşuların qapılarına papaq atır və gizlənirlər, sonra bayram şirniyyatı ilə doldurulmuş papaqlarını götürürlər. Axşam düşdükdən sonra küçələrdə tonqallar qalanır, ətrafına toplananlar oynayır, xəstəliklərdən, pisliklərdən təmizlənmək üçün tonqaldan tullanırlar.

Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal-günəşi, şəkərbura-ayı, rənglənmiş yumurta-həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni və s. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir.

Adətə görə, bayramın ikinci günü vəfat etmiş doğmaların, yaxınların xatirəsini yad etmək məqsədilə mərhumların qəbirləri ziyarət edilir.

Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında  təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2009-cu il 28 sentyabr – 2 oktyabr tarixlərində keçirilən dördüncü sessiyası zamanı “Novruz” çoxmillətli nominasiya kimi, (Azərbaycan, Hindistan, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

Cari ilin 28 noyabr-2 dekabr tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitənin 11-ci sessiyasında  Əfqanıstan, İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan nominasiyaya qoşulmuşlar.