SSRİ dövründə əməkdaşlıq

Azərbaycan XX əsrin 60-cı illərindən Sovet İttifaqının tərkibində olarkən UNESCO-nun fəaliyyətində aktiv iştirak etmişdir. UNESCO tərəfindən 1967-ci ildə “Qafqaz xalqlarının ədəbiyyatı” seriyasından fransız dilində M.F.Axundovun komediyaları, “Dünya xalqlarının musiqisi” seriyasından Azərbaycan muğamlarından ibarət iki val və iki audio-kasset buraxılmışdır.

Sovet İttifaqı dövründə Azərbaycanın UNESCO ilə əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. O, UNESCO-nun Azərbaycan mədəniyyəti ilə bağlı təşkil etdiyi tədbirlərdə yaxından iştirak etmişdir. 1983-cü ildə Bakıda təşkil edilmiş “Şərq xalça sənəti” I Beynəlxalq Simpoziumu zamanı Heydər Əliyev UNESCO-nun Baş Direktorunun xüsusi məsləhətçisi Federiko Mayorla görüşmüş və bu dostluq əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycanın UNESCO ilə münasibətlərinə öz müsbət təsirini göstərmiş və beləliklə, Azərbaycanın təşkilatdakı uğurlarının təməli qoyulmuşdur.

UNESCO-nun Parisdəki baş qərargahında “Azərbaycan xalçaları” (1981), “Azərbaycan əlyazmaları” (1985), Londonda isə UNESCO-nun himayəsi altında “Bakının memarlığı” (1985) sərgiləri keçirilmişdir. 1984-cü ilin noyabr ayında UNESCO-nun baş qərargahında Azərbaycan Dövlət Rəqs ansamblının çıxışı olmuşdur.

  UNESCO Bakıda iki beynəlxalq tədbirin – “Dil və şəhər” (1981) və “Şərq xalça sənəti” (1983) konfranslarının keçirilməsi üçün Azərbaycana maliyyə yardımı göstərmişdir. 1983-cü ildə Azərbaycan hökuməti xalçaçı-rəssam Lətif Kərimovun toxuduğu, üzərində Memar Əcəmi Naxçıvaninin təsviri olan xalçanı  Bakıya səfər etmiş UNESCO-nun Baş Direktoru Amadu Mahtar M`Bou vasitəsilə təşkilata hədiyyə etmişdir.