“Azərbaycanın mədəni sərvəti” layihəsi

24 oktyabr – 23 dekabr 2016-cı il tarixlərində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi təşkil olunmuşdu. Layihə çərçivəsində unudulmaqda olan parça, tikmə və milli geyimlərin dirçəlməsi üzrə Almaniya, Rusiya Federasiyası, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan dəvət olunmuş mütəxəssislər tərəfindən ustad dərslər keçirilmişdir.

“Azərbaycanın mədəni sərvəti” layihəsinin məqsədi unudulmaqda olan milli adət-ənənələrimizi yaşatmaqdan ibarətdir. Parça, tikmə və milli geyimlərin dirçəlməsi üzrə ustad dərslər bu layihənin bir proqramıdır. Proqramın məqsədi unudulmaqda olan əl sənəti işlərini qoruyub gələcək nəsillərə çatdırmaq, bu sahə üzrə yeni kadrların yetişdirilməsinə və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasına nail olmaqdır.

Parça, tikmə və milli geyimlərin dirçəlməsi üzrə ustad dərslər iki hissədən ibarət olmuşdur. Birinci hissədə parça, tikmə və milli geyimlərin müasir şəraitdə necə saxlanılması və bərpası qaydaları öyrənilmişdir. Bu sahə üzrə ustad dərslər Almaniyanın Drezden Dövlət İncəsənət Kolleksiyasının parça, tikmə və geyim üzrə bərpaçı-mütəxəssisi Kristina Müller-Radloff və Moskva Dövlət Bərpa üzrə Elmi-Tədqiqat İnstitutunun bərpaçı-rəssamı Sofya Martyanova tərəfindən keçirilmişdir.

Proqramın ikinci hissəsi isə parça üzərində milli tikmə ənənələrini inkişaf etdirməkdən ibarət olmuşdur. Bu sahə üzrə ustad dərslər qırğız milli tikmələr üzrə mütəxəssis Güljan İreş, qazax milli tikmələr üzrə mütəxəssis Zeynelxan Muxamejan və özbək milli tikmələri üzrə mütəxəssis Madina Kasımbayeva tərəfindən keçirilmişdir.

Parça, tikmə və milli geyimlərin dirçəlməsi üzrə ustad dərslər ümümilikdə 41 gün davam etmişdir. Bu ustad dərslərdə həm Azərbaycan Xalça Muzeyinin bərpa və konservatorları, həm də ölkəmizdə fəaliyyət göstərən digər mədəniyyət ocaqlarının əməkdaşları, bu sahələr üzrə təhsil alan tələbələr də iştirak etmişlər. Bu cür keçirilən ustad dərslərdə xüsusi dəvət olunmuş mütəxəssislər iştirakçılar ilə öz bilik və bacarıqlarını bölüşmüş, təcrübə mübadiləsi aparmışlar. Layihənin sonunda, 23 dekabr tarixində Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində keçirilən ustad dərslərin iştirakçılarının təltifetmə mərasimi keçirilmiş və sertifikatlar təqdim olunmuşdur.

Details