Mədəniyyət naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Mədəniyyət naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
 

Link: https://azertag.az/

İyunun 24-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Baş direktorunun müavini xanım Qabriela Ramosun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə nazir Adil Kərimli səfərin UNESCO ilə ölkəmiz arasında münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə inamını ifadə edib.

Mədəniyyət sahəsində mövcud əməkdaşlıq istiqamətlərindən danışan nazir, bu çərçivədə Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının önəmini xüsusi qeyd edib. Qlobal pandemiya ilə əlaqədar yaranmış fasiləyə baxmayaraq, növbəti – VI Forumun 2024-cü ilin may ayında Bakıda keçirilməsi üçün hazırlıq işlərinə artıq başlanıldığı qeyd edilib. Forumun ənənəvi olaraq əsas tərəfdaşlar, o cümlədən UNESCO ilə birgə təşkil edildiyini nəzərə alaraq, növbəti foruma hazırlıq prosesində də təşkilatın müvafiq töhfə verəcəyinə ümid ifadə olunub.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən xanım Ramos, mədəniyyətlərarası dialoq sahəsində Bakıda keçirilən forumların önəmini təsdiq edib və növbəti forumda UNESCO-nun fəal iştirak edəcəyinə və dəyişən dünyamıza daha praktik həllər göstərən, müsbət fərqlər yarada bilən müzakirələrlə zəngin olacağına inandığını bildirib. Baş direktorun müavini ölkəmizin UNESCO-nun mədəniyyətlərarası dialoqa həsr olunmuş e-platformasının yaradılmasında, eləcə də, İpək yolları proqramı çərçivəsində də təşkilatla fəal əməkdaşlığına və proqramın 35 illiyi münasibətilə bu il keçirilən tədbirlərdə iştirakına görə xüsusi təşəkkür ifadə edilib. Azərbaycanın UNESCO çərçivəsində həyata keçirilən bir sıra layihə və proqramlarda fəallığı ilə seçildiyi təqdir olundu.

Mədəniyyət naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
 

Görüşdə digər istiqamətlər üzrə də ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin süni intellekt və müxtəlif müasir texnologiyaların qlobal mədəniyyətə təsirləri, həmçinin bu təsirlərin etik və hüquqi tənzimlənməsi istiqamətində qlobal institusional təşəbbüslər müzakirə edilib.

Baş direktorun müavini Azərbaycanın mədəniyyət nazirini 13 iyul tarixində keçiriləcək və sözügedən mövzuların ətraflı müzakirə ediləcəyi Neyrotexnologiyanın Etikasına dair Beynəlxalq Konfransa, həmçinin noyabrın 29-da San Paolada keçiriləcək İrqçilik və Diskriminasiyaya qarşı Qlobal Foruma da dəvət edib.