Fərid Qayıbov MINEPS VII konfransı ilə əlaqədar ölkəmizdə olan UNESCO nümayəndə heyəti ilə görüşüb

Link: https://azertag.az/

İyunun 24-də gənclər və idman naziri Fərid Qayıbov Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) ilə əlaqədar ölkəmizdə səfərdə olan UNESCO nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə nazir qonaqlara MINEPS VII konfransına hazırlıq işləri barədə məlumat verib.

UNESCO-nun sosial və humanitar elmlər üzrə baş direktorunun müavini Qabriela Ramos səmimi görüşə görə təşəkkür edib və ölkəmizdə olmaqdan məmnunluğunu qeyd edib.

Görüş zamanı MINEPS VII konfransının ölkəmizdə keçirilməsinin əhəmiyyəti qeyd olunub və təşkilati işlərin başa çatdığı bildirilib. Konfransın proqramında əks olunan məsələlər, o cümlədən də “Fit for life” layihəsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Görüşdə UNESCO-nun sosial və humanitar elmlər üzrə baş direktoru müavininin köməkçisi Juan Pablo Ramirez-Miranda, təşkilatın İdman sektorunun müdiri Filipp Müller, sektorun əməkdaşı Culia Scacchi, Baş Proqram Mütəxəssisi və “Fit for life” layihəsinin rəhbəri Nansi Maklen, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, ölkəmizin UNESCO üzrə Milli Komissiyasının ikinci katibi Əfsanə Hüseynova və MINEPS VII işçi qrupunun üzvü, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev də iştirak ediblər.