UNESCO rəsmisi: Azərbaycan qonaqpərvərliyi və peşəkar təşkilatçılığı ilə tanınır
2024-11-16Link: https://azertag.az/
İqlim hədəflərinə həqiqətən nail olmaq üçün dünya ictimaiyyəti daha məqsədyönlü və ehtiyaclara uyğun tədbirlər həyata keçirməlidir. İqlim keçidinin maliyyələşdirilməsinə yönələn təşəbbüslər bu baxımdan olduqca əhəmiyyətlidir, çünki enerji sistemlərinin transformasiyası, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, istehlak və istehsal proseslərinin yeni modelini formalaşdırmaq üçün tələb olunan resursların təmin edilməsi mühüm prioritetlərdən biridir.
Bu fikirləri COP29 iqlim sammiti çərçivəsində AZƏRTAC-a eksklüziv müsahibəsində UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Qabriela Ramos söyləyib.
O, COP29 sammiti çərçivəsində iqlim maliyyələşdirilməsi ilə bağlı real və davamlı nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirərək deyib: “Bununla yanaşı, nəzərə alınmalıdır ki, gələn ilin fevral ayına qədər ölkələr milli səviyyədə müəyyən olunmuş töhfələrini təqdim etməlidirlər. İnanıram ki, ölkələr həm maliyyə öhdəliklərinin icrasını, həm də qlobal iqlim məqsədlərinin tamamilə reallaşmasını təmin edəcək konkret addımlar atacaqlar”.
COP29-un yüksək səviyyədə təşkil olunmasına diqqət çəkən Qabriela Ramos təəssüratlarını belə ifadə edib: “Azərbaycan beynəlxalq səviyyədə qonaqpərvərliyi, peşəkar təşkilatçılığı və genişürəkliliyi ilə seçilən bir ölkədir. Mən bu tədbirdə iştirakdan böyük məmnunluq duyuram və təşəkkürlərimi ifadə edirəm”.