UNESCO-da Azərbaycanın da töhfə verdiyi “Afrika Həftəsi”nin açılışı olub

Link: https://azertag.az/

UNESCO-nun mənzil-qərargahında “Afrika Həftəsi” başlayıb.

AZƏRTAC xəbər verir ki, UNESCO-da “Afrika Həftəsi”nin açılış tədbiri keçirilib. Təşkilat yanındakı Afrika qrupu, Afrika İttifaqı ilə əməkdaşlıq çərçivəsində təşkil edilmiş “Afrika Həftəsi” ərzində bu qitənin ölkələrinin mədəniyyəti, incəsənəti diqqət mərkəzində olacaq.

Tədbirdə UNESCO-nun Baş direktoru Odre Azule və Afrika ölkələrinin səfirləri çıxış ediblər.

Qeyd edək ki, Azərbaycan “Afrika Həftəsi”nin sponsorlarındandır. Həftə ərzində milli mətbəximiz təqdim olunacaq və musiqimiz səsləndiriləcək. Bir həftə ərzində ölkəmizi təşviq edən video UNESCO-nun mənzil–qərargahında ekranlar vasitəsilə nümayiş olunacaq. “Afrika Həftəsi”nin açılış tədbirində ölkəmizi UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev və nümayəndəliyimizin əməkdaşları təmsil ediblər.

Xatırladaq ki, Azərbaycan Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupu çərçivəsində Afrika ölkələrinə kadr hazırlığı istiqamətində də töhfələr verib. Afrika ölkələrinin diplomatlarına ADA Universitetində təhsil almaq imkanı yaradılıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris