Fərid Qayıbov: Azərbaycan UNESCO-nun idman gündəliyinə xüsusi töhfələr verib
2024-04-03Link: https://azertag.az/
UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) növbəti sessiyası təşkilatın mənzil qərargahında öz işinə başlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasın açılış hissəsində Komitənin 2022-2023-cü illər üzrə sədri qismində gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.
O, Çilinin idman nazirini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edərək, Komitənin son dörd ildəki fəaliyyəti barədə məlumat verib. Azərbaycanın UNESCO-nun idman gündəliyinə xüsusi töhfələr verdiyini bildirən F.Qayıbov ötən il iyunun 26-29-da Bakıda 110 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən MİNEPS VII konfransının uğuru haqqında danışıb. Nazir “Fit for Life” təşəbbüsü çərçivəsində Azərbaycanda həyata keçirilən layihələrdən də bəhs edib.
İclasda iştirak edən UNESCO Baş direktorunun Sosial və Humanitar elmlər üzrə müavini Qabriela Ramos, Komitənin yeni sədri, Çilinin idman naziri Xayme Pizarro və bir sıra digər üzv ölkələr Azərbaycana uğurlu sədrliyə, MİNEPS VII konfransının yüksək təşkilinə görə təşəkkür ediblər.
Fərid Qayıbov Parisə səfəri çərçivəsində, həmçinin Q.Ramosla görüş keçirib. Görüşdə ölkəmizin UNESCO-dakı səfiri Elman Abdullayev də iştirak edib.