Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru UNESCO-nun konfransında çıxış edib
2024-02-14Link: https://azertag.az/
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən UNESCO-nun Mədəniyyət və İncəsənət Təhsili üzrə Ümumdünya Konfransında çıxış edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Ülkər Səttarova çıxışında insan kapitalının formalaşdırılması istiqamətində ali təhsil sahəsində Azərbaycanda həyata keçirilən islahatlar, dövlət proqramları və əldə olunan uğurlar barədə konfrans iştirakçılarına məlumat verib.
Ölkədə yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə təsis edilmiş “SABAH” qrupları, xarici ölkələrin universitetlərinin filiallarının açılması, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetləri ilə birgə tətbiq edilən beynəlxalq ikili diplom proqramları haqqında məlumat təqdim edilib.
Ülkər Səttarova bununla yanaşı, sözügedən Dövlət Proqramı çərçivəsində gənc tədqiqatçıların universitetlər üzrə qlobal reytinqlərdə ilk 500-də yer alan ali təhsil müəssisələrində doktorantura təhsili alması üçün yaradılmış şərait, onların üçtərəfli müqavilə öhdəliyi üzrə yerli ali təhsil müəssisələrinin beynəlxalq rəqabətliliyinin artırılması üçün verdiyi töhfələrdən danışıb.
Bu gün Azərbaycanda insan kapitalının inkişafı üçün təkcə ölkədə deyil, eyni zamanda, xaricdə ən nüfuzlu ali təhsil müəssisələrində təhsil üçün həyata keçirilən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən danışaraq, cari tədris ilində 50-yə yaxın Azərbaycan gəncinin dünyanın 10 ən yaxşı universitetinə qəbul olunması kimi əldə olunan uğurlar barədə tədbir iştirakçıları məlumatlandırılıb.
Digər ixtisas sahələrinə paralel olaraq, mədəniyyət və incəsənət təhsilinin imkanlarının genişləndirilməsi məqsədilə, ali təhsillə yanaşı, əlilliyi olan uşaqların təhsil hüququnun digər şəxslərlə bərabər səviyyədə təmin edilməsi üçün həyata keçirilən “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın əhəmiyyəti, UNICEF ilə birgə reallaşdırılan “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi”nə dair layihələr barədə söz açılıb.
Ülkər Səttarova mədəniyyət və incəsənət təhsilinin inkişafında da xüsusi rolu olan, informasiya texnologiyaları sahəsinin inkişafı üçün 2017-ci ildən Azərbaycanda həyata keçirilən “Rəqəmsal bacarıqlar”, 2019-cu ildən reallaşdırılan “STEAM Azerbaijan” layihələrinin növbəti təhsil səviyyələrində mədəniyyət və incəsənət təhsilinin inkişafına olan müsbət təsirlərini önə çəkib.
Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Simuzər Feyzullayeva, elm və təhsil nazirinin müşaviri, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev konfransda iştirak ediblər.