Akademik Şahin Mustafayev: Türk xalqlarının 47 abidəsi UNESCO-nun mədəni irslə bağlı siyahısına daxil edilib
2024-03-14Link: https://azertag.az/
Türk xalqlarının 47 abidəsi UNESCO-nun mədəni irslə bağlı siyahısına daxil edilib.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev ADA Universitetinin ev sahibliyi etdiyi “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda beynəlxalq konfransda söyləyib. O, siyahıya salınacaq türk mədəni irsinə məxsus abidələrin sayının bundan daha çox olduğunu deyib. Qeyd edib ki, hər bir xalqın varlığı onun maddi və qeyri-maddi mədəni irsi ilə ölçülür. Bunları itirən xalq mədəni simasını itirir və tədricən məhv olmağa məhkumdur.
Akademik diqqətə çatdırıb ki, türk xalqlarının qədim birgə mədəniyyəti mövcuddur. Avrasiyada, o cümlədən Avropanın bir sıra yerlərində geniş yayılmış türk xalqlarının mədəniyyəti var. Böyük coğrafiyada yayılmış türk xalqlarının mədəniyyətləri coğrafi nöqteyi-nəzərdən bir-birindən fərqlənsə də, həmin mədəni irsin oxşarlıqları mövcuddur.
“Bu gün böyük mədəni irsə sahib çıxaraq onu bütün dünyada tanıtmaq və təbliğ etmək əsas prioritetlərdən biri olmalıdır”, - deyən akademik Şahin Mustafayev bu baxımdan UNESCO ilə münasibətlərin davamlılığının və genişləndirilməsinin önəminə toxunub. Vurğulayıb ki, aidiyyəti qurumlar daha ciddi əməkdaşlıq etməli və ortaq mədəni irsimizi dünyada tanıtmaq üçün fəaliyyətləri genişləndirməliyik.
Qeyd edək ki, beynəlxalq konfransın “Türk dünyasının mədəni irsinin qorunması üzrə milli strategiyalar və yanaşmalar” mövzusuna həsr olunan ilk sessiyası Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevin moderatorluğu ilə aparılıb.
Beynəlxalq konfrans UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.