UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibdə görüşü keçirilib
2019-01-07“UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Prezident İlham Əliyevin 2018-ci il 29 avqust tarixli 445 nömrəli Sərəncamına uyğun olaraq, yeni tərkibi təsdiq edilmiş Milli Komissiyanın görüşü keçirilib.
Görüşdə Milli Komissiyanın sədri, xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-UNESCO əlaqələrinin daha da genişlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın müstəsna xidmətlərinin olduğunu vurğulayıb.
Elmar Məmmədyarov 2018-ci ildə təşkilatla dinamik əməkdaşlığın həyata keçirildiyini, bir sıra mühüm nailiyyətlərin qazanıldığını və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib.
Daha sonra Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək 2018-ci il ərzində UNESCO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş tədbirlər, eləcə də yüksək səviyyəli qarşılıqlı səfərlər barədə məlumat verib. E.Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi”nin 2018-ci ildə 10 ilinin tamam olduğunu, dövlətimizin başçısının müvafiq Sərəncamına uyğun olaraq “Bakı Prosesi”nin 10 illiyinin milli və beynəlxalq səviyyədə qeyd edildiyini və UNESCO ilə birgə tədbirlərin keçirildiyini bildirib. O, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə Azərbaycanda və xarici ölkələrdə bir sıra tədbirlərin həyata keçirildiyini, o cümlədən Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin UNESCO-nun baş qərargahında və Almaniyada qeyd olunduğunu diqqətə çatdırıb. Baş katib, həmçinin Azərbaycan muğamının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə təşkilatın baş qərargahında, İtaliyada, Türkiyədə və Almaniyada muğam konsertlərinin təşkil olunduğu qeyd edib.
Bildirilib ki, 2018-ci ildə ölkəmiz UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib. Hökumətlərarası Komitənin Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində keçirilən 13-cü sessiyasında “Çövkən-ənənəvi Qarabağ atüstü oyunu” faylı ilə bağlı milli hesabat qəbul olunub. Bundan başqa, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına və Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiya UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.
E.Sultanov 2019-cu ildə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 ilinin tamam olacağını, təşkilatın baş qərargahında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd ediləcəyini bildirib və qarşıda duran digər məsələlər barədə ətraflı məlumat verib.
Görüş UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin iştirakı ilə müzakirə və fikir mübadiləsi formasında davam edib.