İtaliya Prezident Sarayında Azərbaycan musiqilərindən ibarət konsert keçiriləcək
2018-10-11İtaliya Respublikası Prezidentinin Kuirinale Sarayının (Palazzo del Quirinale) Kapella Paolina zalında hər həftənin bazar günləri keçirilən, Rai Radio 3 ictimai radiosu ilə saat 11.50-də canlı yayımlanan məşhur “Kuirinale Konsertləri”nin (Concerti del Quirinale) 14 oktyabr buraxılışı Azərbaycan musiqisi konsertinə həsr olunacaq.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi və muğamın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Heydər Əliyev Fondu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konsertdə Azərbaycan və italyan musiqiçiləridən ibarət Belcan-Tar ansamblının ifasında Azərbaycan klassik musiqi nümunələri və Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam ansamblının ifasında Azərbaycan muğamları və xalq mahnıları ifa olunacaq.
Eyni konsert proqramının, eləcə də 12 oktyabr tarixində İtaliyanın Abruzzo Regional Şurasının binası olan Emiçilo Sarayında (Palazzo dell’Emicilio) da təqdim olunacaq.
Qeyd edək ki, hər iki konsert haqqında İtaliya Respublikası Prezidentinin və Abruzzo Regional Şurasının internet səhifələrində məlumatlar yerləşdirilib.