“Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” elektron portalının təqdimatı olacaq

Oktyabrın 3-də Muzey Mərkəzində “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” elektron portalının ictimaiyyətə təqdimatı keçiriləcək.
 

“Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin yaradılması Azərbaycan hökumətinin UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunmasına dair” Konvensiyasından irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində gördüyü işlərin nəticəsidir.
 

Reyestrin yaradılmasında məqsəd Azərbaycanın qeyri-maddi mədəniyyət nümunələrini dövlət qeydiyyatına almaq, onların təbliğatını təşviq etmək, ermənilər tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün lazımi informativ bazanı formalaşdırmaqdır. Dövlət Reyestrinin elektron portalı Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri, onların daşıyıcıları və təşkilatlar haqqında məlumatı, həmçinin mədəniyyət sahəsində qəbul olunmuş milli və beynəlxalq sənədləri, qeyri-maddi irs sahəsindəki ən son yenilikləri, UNESCO siyahısındakı Azərbaycan mədəni irs nümunələrini, Ermənistan-Azərbaycan münaqişəsi, münaqişəyə dair lazımi elmi ədəbiyyatı, foto və videomaterialları özündə ehtiva edir. Bundan əlavə, portalda Azərbaycan Respublikasının şəhər və rayonları, həmin bölgələrə məxsus qeyri-maddi irs nümunələri haqqında məlumatlar da öz əksini tapmışdır.
 

Reyestrin hazırlanmasında Mədəniyyət Nazirliyi ilə yanaşı bir çox qurumlar – AMEA-nın Folklor İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Aşıqlar Birliyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Milli Kulinariya Mərkəzi, Dövlət Film Fondu, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və digər təşkilatlar yaxından iştirak edib.

 

https://azertag.az/xeber/Azerbaycan_qeyri_maddi_medeni_irs_numunelerinin_Dovlet_Reyestri_elektron_portalinin_teqdimati_olacaq-1200092