Mehriban Əliyevanın gördüyü işləri UNESCO-da xoşməramlı səfirlər üçün örnək hesab edirlər

Mehriban Əliyevanın gördüyü işləri UNESCO-da xoşməramlı səfirlər üçün örnək hesab edirlər
 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatı olan UNESCO-nun xoşməramlı səfiri seçilməsindən 14 il ötür. O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki davamlı səylərinə, dünya mədəniyyətlərinin mübadiləsi istiqamətində xidmətlərinə, həmçinin UNESCO-nun ideyalarına sadiqliyinə görə layiq görülüb. Beləliklə, 2004-cü il avqustun 13-dən etibarən Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq yeni eraya daxil olub.

Mehriban xanım Əliyeva Azərbaycanı dünyada, beynəlxalq aləmdə sidq-ürəkdən təbliğ edir və şərəfləndirir. Siyasəti mərhəmət və şəfqətlə çuğlaşdıran, hər bir sahədə xoş məramı ilə fərqlənən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti mənsub olduğu xalqa sevgidən qaynaqlanır. O, ilk növbədə, Vətəninə xidmət edir, onun tərəqqisinə çalışır, gələcəyini düşünür. 2004-cü ilin mayından ulu öndər Heydər Əliyevin adını daşıyan Fonda rəhbərlik edən Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən irimiqyaslı layihələr həm ölkə daxilində, həm də ondan kənarda böyük rəğbətlə qarşılanır. Bu layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, sivilizasiyalararası dialoqun təşviqinə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına istiqamətlənib.

Ölkəmizin inkişaf strategiyasının reallaşdırılmasında Mehriban Əliyevanın müstəsna rolu var. Digər tərəfdən o, Birinci vitse-prezident kimi keçirdiyi ilk müşavirəni cəmiyyətin ən həssas təbəqəsindən olan qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr edib. Daha sonra Azərbaycan Ordusunun 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb. Sağlamlığını itirmiş həmin hərbi qulluqçular onun tapşırığı ilə yüksək texnologiyalı protezlərlə təmin olunublar.

Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız milli-mənəvi dəyərlərin, mənəvi və qeyri-maddi irsin dünya miqyasında təbliğinə deyil, eyni zamanda, sivil dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəlib.

“Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün – UNESCO üçün şərəfdir. Sizin nailiyyətlərinizin miqyasını bir adla əhatə etmək çətindir. Siz UNESCO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız” - Mehriban xanım Əliyevaya ünvanlanmış bu sözləri təşkilatın sabiq baş direktoru İrina Bokova deyib. Doğrudan da Azərbaycanın birinci xanımının ölkəmizin UNESCO ilə münasibətlərinin inkişafında və möhkəmləndirilməsində müstəsna xidmətləri var. Onun təşəbbüsü və dəstəyi ilə UNESCO ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün Bakıda bir sıra beynəlxalq tədbirlər keçirilib. Xoşməramlı səfir kimi xeyriyyəçilik fəaliyyəti çox keçmədən Azərbaycan sərhədlərini aşaraq, bir çox xarici ölkələri də əhatə edib. Təsadüfi deyil ki, bu humanistlik və həyata keçirilən qlobal layihələr təkcə Azərbaycan xalqı tərəfindən deyil, bütün dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi də bu qurumla əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin 100 illik yubileyləri, habelə bu qəbildən olan digər tədbirlər UNESCO çərçivəsində böyük təntənə ilə qeyd edilib. Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfirlərinin toplantılarında, qurumun mötəbər tədbirlərində iştirakı, keçirdiyi görüşlər, dünyada təhsilin vəziyyəti və digər aktual mövzularda çıxışları böyük maraqla qarşılanır. O, həmin tədbirlərdə diqqəti həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldir, işğal altında olan ərazilərimizdə tarixi-mədəni abidələrimizin məhv edilməsindən narahatlığını bildirir, bir sözlə, bu mötəbər beynəlxalq tribunadan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün məharətlə istifadə edir.

Azərbaycan muğamının, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun, İçərişəhərin, Qız qalasının, Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun dünya mədəni irs siyahısına, aşıq, xalçaçılıq, tar ifaçılığı və hazırlanması sənətlərinin, Novruz bayramının, dolma, lavaş və kəlağayının, Lahıc misgərlik sənətinin, Çövkən oyununun UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilməsi məhz Mehriban Əliyevanın aramsız səylərinin nəticəsidir.

UNESCO-nun mənzil qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə gerçəkləşən mədəni tədbirlər, Azərbaycanın inkişafı, tarixi, mədəniyyəti ilə bağlı təqdimatlar, mədəni abidələrimiz, milli mətbəximiz barədə bir-birindən maraqlı nəşrlər, kataloqlar da ölkəmizin tanıdılması baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycanın tanınmış incəsənət ustaları, eləcə də gənc istedadları UNESCO-nun iqamətgahında möhtəşəm çıxışları ilə mədəniyyətimizin zənginliyini bir daha nümayiş etdirirlər.

Azərbaycanın birinci xanımının UNESCO-nun xoşməramlı səfirləri arasında da çox böyük nüfuzu var. Qurumda daim nəcib təşəbbüsləri ilə seçilən Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilir, onun gördüyü işləri xoşməramlı səfirlər üçün örnək hesab edirlər. 2010-cu ilin iyulunda Qəbələdə İkinci Beynəlxalq Musiqi Festivalında iştirak edən UNESCO-nun sabiq baş direktoru İrina Bokova bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşmasındakı işinə sədaqətinə, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrinə görə xoşməramlı səfir Mehriban xanım Əliyevaya “Qızıl Motsart” medalını təqdim edib.

UNESCO-nun xoşməramlı səfiri seçiləndən iki il sonra Mehriban Əliyeva müxtəlif sahələrdə genişmiqyaslı fəaliyyəti, ehtiyacı olan uşaqlara qayğısı, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə də diqqəti çəkib və 2006-cı il noyabrın 24-də 51 müsəlman dövlətinin təmsil olunduğu İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının – ISESCO-nun da xoşməramlı səfiri adına layiq görülüb.

Mehriban xanım Əliyeva xoşməramlı səfir kimi fəaliyyətindən danışarkən deyir: “Təbii ki, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi, bütün bu illər ərzində mən öz beynəlxalq fəaliyyətimi nizamlamalı olurdum. İlk növbədə, bu, mənim üçün dünya ictimaiyyətinə Azərbaycanın tarixini, mədəni irsini, bununla yanaşı, Azərbaycanın bugünkü siyasi və ictimai gerçəkliklərini çatdırmaq imkanı idi. Müasir Azərbaycanın nə demək olduğunu, onun əhəmiyyətini, siyasi mövqeyini, bu ölkənin potensialını dünya ictimaiyyətinə çatdırmaq lazım idi. Düşünürəm ki, bu istiqamətdə də xeyli iş görməyə nail olmuşam. Buna görə də mən gələcəyə nikbin baxıram. Düşünürəm ki, bütün bu illər ərzində toplanan təcrübə, vərdişlər mənə kömək edəcək”.

Göründüyü kimi, Mehriban xanım Əliyevanın UNESCO-nun və ISESCO-nun idealları naminə fəaliyyəti, hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatına və təbliğinə yönəlib. Bu fəaliyyət həm də onu sübut edir ki, artıq Azərbaycan nəinki Avropa ailəsinə inteqrasiya edir, hətta bu ailənin ayrılmaz bir üzvüdür.

https://azertag.az/