Quba məktəbliləri UNESCO-nun təlimində iştirak ediblər

Quba məktəbliləri UNESCO-nun təlimində iştirak ediblər
 

Qubadakı 2 nömrəli təbiət fənləri təmayüllü tam orta məktəbdə Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nümayəndəsinin iştirakı ilə UNESCO-nun "Dünyanın ən böyük dərsi” təlimi keçirilib.

Təlimdə şagirdlər interaktiv formada BMT-nin 17 qlobal məqsədi ilə tanış olub və bu məqsədlərə çatmaq üçün qruplarda işləyərək təkliflər hazırlayıblar. Məktəblilər “Keyfiyyətli təhsil”, “Sağlamlıq və rifah”, “Gender bərabərliyi”, “Təmiz su və sanitariya”, “Ucuz və təmiz enerji”, “İqlim dəyişikliyi ilə mübarizə”, “Yer üzündə həyat”, “Sülh, ədalət və güclü institutlar” və digər məsələlərin planetimizə və ölkəmizə təsirlərinə aid maraqlı misallar gətiriblər.

Məktəblilərə UNESCO-nun hazırladığı “Dayanıqlı inkişaf nədir?” adlı sosial çarx göstərilib və onun müzakirəsi aparılıb.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun beynəlxalq layihələr şöbəsinin müdiri Elçin Sərdarov deyib: “Alimlərin fikrincə, humanitar paradiqma pedaqoji texnologiyaların istifadəsində dəyişkənliyi nəzərdə tutur. Bu baxımdan UNESCO-nun “Dünyanın ən böyük dərsi”nin böyük əhəmiyyəti var”.

O, əminliklə bildirib ki, UNESCO dərslərində iştirak edən şagirdlər bu məktəbin məzunu olan Reyhan Camalova kimi yeni ixtiralara imza atacaqlar.

https://azertag.az/