Bakıda “Azərbaycanın mədəni irsi UNESCO-da” adlı rəsm sərgisi açılıb
2018-05-11Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü və təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə “Azərbaycanın mədəni irsi UNESCO-da” adlı rəsm sərgisi açılıb. İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında keçirilən sərginin təşkil olunmasında əsas məqsəd ulu öndər Heydər Əliyevin Azərbaycanın UNESCO ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində göstərdiyi əvəzsiz xidmətlərin əhəmiyyətini ictimaiyyətə çatdırmaqdır.
Sərgidə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi Mədəni Mərkəzinin direktoru Cavid Kazımov Ulu Öndərin müasir Azərbaycanın qurucusu olduğunu vurğulayaraq, onun Azərbaycan xalqının mədəni irsinə göstərdiyi diqqət və qayğıdan söz açıb.
Sonra çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov Ulu Öndərin əziz xatirəsinin silsilə tədbirlərlə yad edildiyini söyləyib. E.Sultanov Ulu Öndərin müasir Azərbaycan dövlətinin memarı olduğunu və ölkəmizdə qazanılan bütün nailiyyətlərin Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu vurğulayaraq deyib ki, ölkəmizin UNESCO ilə əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində Ümummilli Liderin xidmətləri əvəzedilməzdir. Natiq qeyd edib ki, dahi şəxsiyyətin diqqəti nəticəsində UNESCO-da Azərbaycan mədəniyyəti ilə bağlı müxtəlif tədbirlər keçirilib, Bakıda da bu beynəlxalq qurumun dəstəyi ilə müxtəlif tədbirlər təşkil olunub. E.Sultanov bildirib ki, Ümummilli Liderin 21 fevral 1994-cü il tarixli Sərəncamı ilə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb. Azərbaycanın UNESCO-nun fəal üzvü olduğunu və artıq 26 ildir ki, ölkəmizin UNESCO dəyərlərinin təşviqində müstəsna rol oynadığını qeyd edən baş katib Azərbaycan ilə UNESCO arasında mövcud olan sıx əlaqələrin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi xidmətlərinin olduğunu qeyd edib. E.Sultanov bildirib ki, bu gün ictimaiyyətə təqdim edilən sərgidə nümayiş olunan hər bir əsər xalqımızın zəngin mədəni irsini əks etdirir, istər muğam sənəti, tar, kamança alətlərimiz, istər aşıq sənəti, yaxud da xalça
sənətimiz, kəlağayımız, Qobustan qayaüstü abidələri, eləcə də tədbirimizin keçirildiyi İçərişəhərimiz qədim irsimizin parlaq nümunələridir. Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi mayın 19-dək davam edəcək. Bu rəsm sərgisində yer alan əsərlər bir çox gənc və tanınmış rəssamların müxtəlif üslubda işlədikləri, zəngin və qədim mədəni irsimizi əks etdirən mövzular üzrə özünəməxsus tərzdə yaratdıqları əsərlərdən ibarətdir. Qeyd edək ki, ötən il də Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 25 illiyi münasibətilə Bakıda keçirilmiş tədbir zamanı UNESCO- nun müvafiq siyahılarında yer alan Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələrinə həsr olunmuş rəsmlərdən ibarət sərgi təşkil olunub.