ICOM Azərbaycan Milli Komitəsindən möhtəşəm Novruz layihəsi təqdim olunub

ICOM Azərbaycan Milli Komitəsindən möhtəşəm Novruz layihəsi təqdim olunub
 

ICOM Azərbaycan Milli Komitəsinin təşəbbüsü, Azərbaycan Xalça Muzeyi və Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun təşkilatçılığı, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Azərbaycan xalqının milli bayramı – Novruz bayramına həsr olunmuş maraqlı layihə həyata keçirilib.

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində reallaşan layihə çərçivəsində Xalça Muzeyinin və Qala Qoruğunun xanım əməkdaşları tərəfindən Novruz bayramının atributlarından biri – şəkərburanın bişirilməsi üzrə ustad dərsi keçirilib. Bişirilən şirniyyatların kimsəsiz uşaq evlərinə paylanılması nəzərdə tutulub.

Layihə haqqında danışan ICOM Azərbaycan Milli Komitəsinin prezidenti Şirin Məlikovanın sözlərinə görə, burada əsas məqsəd xalqımızın milli adət- ənənələrini yaşatmaq, qədim bayramımız olan Novruz bayramının keçirilməsi zamanı qədimdən qalan, unudulmaqda olan bir sıra qayda-qanunları, mərasimləri yada salmaq, milli dəyərlərimizi gənc nəslə çatdırmaqdır. Həmçinin bu gözəl bayramın paylaşmaq, yardımlaşmaq, kütləvilik, birlik kimi əlamətlərini özündə əks etdirən adətlərinə diqqət çəkməkdir. “Hər bir azərbaycanlı üçün Novruz bayramı bahar fəslinin gəlişi, təbiətin oyanması ilə yanaşı, həm də xalqımızın birlik və paylaşmaq bayramı kimi
xarakterizə olunur. Çünki məhz bu bayramda qadınlar, qohumlar, qonşular bir araya gələrək şirniyyatlar, müxtəlif təamlar hazırlayar, daha sonra bir-birlərinə bişirdiklərindən pay-sovqat aparar, hamının süfrəsində mütləq bu şirniyyatlardan olardı. Milli-mədəni, maddi dəyərlərimizin qorunması və yeni nəslə çatdırılması muzey işçilərinin, bütövlükdə hər bir vətənpərvər vətəndaşın ən ümdə vəzifəsidir. Qeyd etmək istəyirəm ki, 2009-cu ildə Novruz bayramı dünyanın Qeyri-Maddi İrsi kimi UNESCO-nun siyahısına daxil edilib. Hazırda bu siyahıda bizim bir çox qeyri-maddi mədəni irs nümunələrimizlə birgə Novruz bayramı da yer alır. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının nəticəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO- nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanın qeyri-maddi mədəni irsinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynamışdır”, – deyə Şirin Məlikova bildirib.

Sonra muğam-trionun çıxışında təqdim olunan musiqi nömrələri tədbirə xüsusi ab-hava gətirib. 2015-ci il Beşinci “Muğam televiziya müsabiqəsi”nin qalibi Sədəf Budaqova, tarda Asəf Zeynallı adına Musiqi Kollecinin 4-cü kurs tələbəsi, Səid Rüstəmov adına müsabiqənin qalibi Fatimə Tahirzadə, kamançada Azərbaycan Milli Konservatoriyasının 1-ci kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Nəzrin Cəfərzadə çıxış ediblər. Onların ifalarında “Qarabağ” şikəstəsi, “Gülür ellər”, “Qarabağ” və digər bəstəkar mahnıları maraqla dinlənilib.

https://azertag.az/xeber/ICOM_Azerbaycan_Milli_Komitesinden_mohtesem_Novruz_layihesi_teqdim_olunub-1145804