Azərbaycan UNESCO Baş Konfransının vitse-prezidenti seçilib
2017-11-03Parisdə UNESCO-nun baş qərargahında təşkilatın Baş Konfransının 39-cu sessiyası öz işinə başlayıb.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının
baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov konfransda iştirak edirlər.
Tədbirdə UNESCO Baş Konfransının keçmiş prezidenti Stenli Mutuba Simataa, qurumun baş direktoru İrina Bokova və İcra Surasının sədri Maykl Vorbs çıxış edərək təşkilatın üzləşdiyi məsələlərdən, problemlərdən çıxış yollarından və qarşıdan gələn növbəti iki ildə görüləcək işlərdən danışıblar. UNESCO Baş Konfransının 39-cu sessiyasının açılışında Azərbaycan Respublikası konfransın vitse-prezidenti seçilib. Ölkəmiz, həmçinin Baş Konfransın nominasiya komitəsinin sədr müavini seçilib.
İki ildən bir keçirilən sessiya qurumun ən mühüm tədbiri hesab edilir. Üzv ölkələr UNESCO üzrə Milli komissiyalar, qurum yanında daimi
nümayəndəliklər və təşkilatın əhatə etdiyi bütün prioritet sahələr üzrə təmsilçilərin iştirakı ilə Baş Konfransın işində təmsil olunurlar. Sessiya çərçivəsində mədəniyyət, təhsil, informasiya və kommunikasiya sahələrində aktual məsələlərə baxılacaq, müzakirələr aparılacaq.
https://azertag.az/xeber/Azerbaycan_YUNESKO_Bas_Konfransinin_vitse_prezidenti_sechilib-1107187