UNESCO-da iftar mərasimi təşkil edilib

UNESCO-da iftar mərasimi təşkil edilib
 

Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyi ölkəmizin UNESCO-nun baş direktoru vəzifəsinə namizədi Polad Bülbüloğlunun iştirakı ilə iftar mərasimi təşkil edib.

UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri səfir Anar Kərimov mərasimdə çıxış edərək müqəddəs Ramazan ayının məziyyətlərindən danışıb, onun sülh, tolerantlıq, həmrəylik ayı olduğunu diqqətə çatdırıb.

O, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyanın bir çox ölkələrində dini və tarixi abidələrin restavrasiyası sahəsində həyata keçirdiyi layihələrdən söhbət açıb.

Ölkəmizin UNESCO-nun baş direktoru vəzifəsinə namizədi Polad Bülbüloğlu bildirib ki, Ramazan ayı dialoq və həmrəylik ayıdır, iftar süfrəsi isə Ramazan ayının mühüm dəyərlərindəndir. O, bütün dinlərin tolerantlığa və dialoqa xidmət etdiyini, Azərbaycanın müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələrinin mehriban, bir ailə kimi yaşadığı ölkə olduğunu diqqətə çatdırıb.

P. Bülbüloğlu ölkəmizdə multikulturalizmin tarixi ənənə və dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib. Səfir vurğulayıb ki, Şərq və Qərb arasında körpü rolunu oynayan Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkandır. Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq sahəsindəki zəngin təcrübəsini müxtəlif təşəbbüsləri ilə beynəlxalq ictimaiyyətlə bölüşür.

Bu gün dünyamızın hərbi münaqişələr, ekstremizm, terrorizm və separatizm ilə, sülh və tərəqqiyə nail olmaq üçün böyük problemlərlə üzləşdiyi bir zamanda dialoq və yüksək səviyyəli təhsil vacib şərtdir. Təhsil, elm,

mədəniyyətlərarası dialoq və mədəni irsin qorunması sahəsində UNESCO- nun əvəzolunmaz rolu var. UNESCO sülh və tərəqqini təşviq etmək üçün bütün vasitələrə və zəngin təcrübəyə yiyələnib. Bu nəcib təşkilata dəstək vermək lazımdır.

P.Bülbüloğlu UNESCO-nun baş direktoru vəzifəsinə seçiləcəyi təqdirdə idarəçilik və diplomatiya sahəsindəki zəngin təcrübəsi ilə təşkilatın qarşısında duran məqsədlərə çatmaq üçün səylərini əsirgəməyəcəyini bildirib.

Tədbirdə İmam-xətib Ceyhun Rüstəmov, Lyon Böyük Məscidinin rəhbəri Kamel Kabtan, Fransa Elmi Tədqiqatlar Milli Mərkəzinin tədqiqatçısı Karim İfrak, Müqəddəs Taxt-Tacın UNESCO yanında daimi müşahidəçisi Françesko Follo, rabbin Qabriyel Haqay çıxış edərək Ramazan ayının məziyyətlərindən danışıblar.