“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir
2024-04-26Link: https://azertag.az/
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Yallı: güc, harmoniya və birlik simvolu” adlı məktəblilər üçün “Akvarium” formatında ictimai dinləmə və müzakirə tədbiri keçirilib.
RUGİM-dən AZƏRTAC-a bildirilib ki, tədbir uşaq və gənclərdə Azərbaycanın ən qədim rəqs növlərindən olan Yallıya, milli folklora maraq oyatmaq məqsədi daşıyıb.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə Azərbaycanın mədəni irsinin mühüm hissəsi olan Yallı rəqsi ilə uşaq və gəncləri tanış etməyin əhəmiyyətini vurğulayıb. O, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Yallının qəhrəmanlıq motivləri ilə yanaşı, qədim tayfaların əhvali-ruhiyyəsini, güc və birliyini, xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını əks etdirdiyini bildirib.
“Akvarium” formatında ictimai dinləmə və müzakirə tədbirində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Mədəniyyət Nazirliyi yanında İncəsənət və Qeyri-Maddi Mədəni İrs İdarəsinin rəisi Sevil Kərimova, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının əməkdaşı Mustafa Şabanov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Afaq Hüseynova, tarix üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Fikrət Abdullayev, Prezident mükafatçısı, Bakı Xoreoqrafiya Akademiyasının müəllim-xoreoqrafı Çinarə Quliyeva öz fəaliyyətləri barədə və mövzu ətrafında danışıblar.
Münsiflər heyəti tərəfindən “Rəqs tarixinin tədqiqi və ənənələrinin qorunması”, “Rəqs fəlsəfəsi”, “Rəqs ritmləri, mifologiyalar, rituallar və yerin tarixi”; “Rəqs kəsişmələri: Yallı və digər mədəniyyətlər”, “Qlobal səslər: Musiqili kollaborasiyada Yallı” nominasiyaları üzrə iştirakçıların çıxışları qiymətləndirib.
Qeyd edək ki, 11-17 yaş şagirdlər arasında və 5 nominasiya üzrə keçirilən tədbirdə 193 nəfər qeydiyyatdan keçib. İlkin mərhələdə 93 nəfər seçilib. Finala vəsiqə qazanan 34 nəfərdən 15-i qalib olub.
“Cücələrim” mahnı və rəqs ansamblının ifasında “Qarabağ yallısı” rəqsi ilə tədbir yekunlaşıb. Sonda hər nominasiya üzrə qaliblər diplomlarla təltif olunublar.