Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri

“Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir.

Yallı, ənənəvi qrup rəqsləri, yalnız kollektiv fəaliyyətə əsaslanan rəqs nümunəsidir. Tipik olaraq, yallılar dairə, zəncir və ya xətt şəklində yerinə yetirilir və oyun elementləri, pantomima (quş və ya digər heyvan imitasiyaları), fiziki məşqlər və hərəkətləri əhatə edir. Yallı rəqslərinin icması müxtəlif festival və şənliklərdə ya kortəbii, ya da planlı şəkildə ifa edən rəqqaslardan ibarətdir. Yallı rəqsinin bəzi variantları nəğmə xarakteri daşıyır və həm qadınlar, həm də kişilər tərəfindən ifa edilir, bu rəqsin digər növləri isə yalnız kişilər tərəfindən ifa edilir və pastoral oyunları təqlid edirlər. XX əsrin ortalarına qədər yallı geniş yayılmışdı, lakin sonradan bu təcrübənin yayılmasına bir sıra amillər təsir göstərmişdir. Bunlara, yallıların müəyyən növləri üçün sosial funksiyaların tədricən itirilməsi, səhnələşdirilmiş tamaşalara üstünlük verilməsi, əmək miqrasiyası və 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərindəki iqtisadi böhranlar kimi xarici amillər, qeyri-rəsmi ötürülmədən formal ötürülməyə keçid və kəskin sadələşdirmə daxildir.