Zəfər bayramı - milli qürur və milli ləyaqət bayramıdır
2021-11-09Link: https://azertag.az/
8 Noyabr-Zəfər Günü UNESCO yanında Daimi nümayəndəliyimizdə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Zəfər Günü tədbirində xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanın UNESCO üzrə Milli Komissiyanın Baş katibi Seymur Fətəliyev, Milli Məclisin deputatı Soltan Məmmədov, Türkiyənin UNESCO yanında daimi nümayəndəsi, səfir Altay Cengizer, ölkəmizin qurumdakı daimi nümayəndəsi səfir Elman Abdullayev və Daimi Nümayəndəliyimizin diplomatları və əməkdaşları iştirak ediblər.
Tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış edərək 8 Noyabr-Zəfər Gününün xalqımızın milli qürur bayramı, xalqımızın qüdrətinin təntənəsi olduğunu deyib. Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərindəki çıxışında söylədiyi “Bu Zəfər bayramı, rəşadət bayramı, ədalət bayramı, milli qürur, milli ləyaqət bayramıdır” fikrini səsləndirib.
Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 44 gün ərzində apardığı Vətən müharibəsində ərazi bütövlüyümüz bərpa edildi. Vətən müharibəsi dövründə qardaş Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu xatırladaraq, müharibənin ilk anlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də dövlət və hökumət nümayəndələrinin, bütün türk xalqının ölkəmizə mənəvi dayaq göstərdiklərini, həmişə xalqımızın yanında olduqlarını deyib.
Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla anıb. Azərbaycan və Türkiyəni “Zəfər Günü” münasibəti ilə təbrik edib.
Türkiyənin UNESCO yanında daimi nümayəndəsi, səfir Altay Cengizer bildirib ki, Azərbaycanın zəfəri Türkiyənin zəfəridir. Bu Zəfər hər iki xalqın sevincidir. Xocalı soyqırımı, eləcə də 1-ci və 2-ci Qarabağ müharibələri şəhidlərinin xatirəsini ehtiramla anaraq, Azərbaycanın Vətən müharibəsi ilə dünyada çox böyük nüfuz qazandığını, öz potensialını göstərdiyini, beynəlxalq arenada mühüm yer tutduğunu bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris