Yekaterinburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstü açılıb
2024-01-26Link: https://azertag.az/
Rusiyanın aparıcı ali təhsil ocaqlarından olan Ural Federal Universitetində (UrFU) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə açılış mərasimi keçirilib.
Tədbirdə UrFU-nun rektoru Viktor Kokşarov, Sverdlovsk vilayətinin xarici iqtisadi əlaqələr nazirinin müavini Lyudmila Berq, baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, Ural Humanitar İnstitutunun direktoru Elvira Simanyuk, büstün müəllifi, Ural Dövlət Rəssamlıq Akademiyasının professoru Valentina Sokolova çıxış edərək Rusiya ilə Azərbaycan arasında təhsil və mədəni-humanitar əlaqələrin inkişafından, bu əlaqələrin dərinləşməsində ədəbiyyat və incəsənətin böyük rolundan danışıblar.
Bildirilib ki, UrFU-nun Azərbaycanşünaslıq Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün qoyulması əlamətdar hadisədir.
Açılış mərasimində dahi Nizaminin əsərləri universitet tələbələrinin ifasında Azərbaycan və rus dillərində səsləndirilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq