Yekaterinburqda “Azərbaycan muğam gecəsi” keçirilib
2022-11-03Link: https://azertag.az/
Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki baş konsulluğunun və UNESCO-nun Azərbaycan üzrə milli komissiyasının birgə təşkilatçılığı ilə Sverdlovsk vilayətinin mərkəzi şəhərində yerləşən Sverdlovsk Dövlət Filarmoniyasında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və “Şuşa İli”nə həsr olunmuş “Azərbaycan muğam gecəsi” keçirilib.
AZƏRTAC xəbər verir ki, muğam gecəsində Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun möhtəşəm ifaları təqdim olunub. Azərbaycanın Zəfər Günü ərəfəsində təşkil olunmuş konsertdə Xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov, Kamran Kərimov, xanəndə Günay İmamverdiyevanın ifasında xalq mahnıları, Azərbaycana, Qarabağa həsr olunum kompozisiyalar səsləndirilib.
Gecədə Sverdlovsk vilayəti və Yekaterinburq şəhərinin rəsmi şəxsləri, o cümlədən Rusiya XİN-in Yekaterinburq şəhərindəki nümayəndəsi Aleksandr Xarlov, Sverdlovsk vilayəti qanunvericilik orqanının deputatı Vyaçeslav Veqner, Ural Dövlət İqtisadiyyat Universitetinin rektoru Yakov Silin, Sverdlovsk vilayəti mədəniyyət nazirinin müavini Roman Doroxin, xarici ölkələrin Yekaterinburqda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, baş konsullar, Azərbaycan diasporunun nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları iştirak ediblər.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu vəzifəsini yerinə yetirən Şöhrət Mustafayev gecəni açaraq, Azərbaycanla Rusiya, eləcə də Ural federal dairəsi arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrdən danışıb. Konsul iki ölkə arasında əlaqələrin möhkəm təməl üzərində qurulmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu qeyd edib. Diplomat, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin qarşılıqlı etimada əsaslanan münasibətlərinin ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin səmərəli inikasına təkan verdiyini vurğulayıb. Ş.Mustafayev Azərbaycan ilə Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci ildə imzalanmış müqavilənin əhəmiyyətinə toxunaraq, ölkəmizin Sverdlovsk vilayəti ilə də sıx əməkdaşlıq münasibətlərinin olduğunu qeyd edib.
Ş.Mustafayev Azərbaycan Prezidentinin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunduğunu xatırladaraq bildirib ki, Qarabağın tacı Şuşa hər bir azərbaycanlı üçün müqəddəs məkandır. Diplomat əsası Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhərinin tarixi barədə məlumat verib, 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etdiyini, şəhərin Azərbaycanın mədəniyyət paytaxtı elan olunduğunu diqqətə çatdırıb.
Gecədə Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev, Rusiya XİN-in Yekaterinburq şəhərindəki nümayəndəliyi, Sverdlovsk vilayəti qanunvericilik orqanının sədri Lyudmila Babuşkina və digər rəsmi şəxslərin təbrik məktubları oxunub.
Rusiya XİN-in Yekaterinburqdakı nümayəndəsi Aeksandr Xarlov AZƏRTAC-ın müxbiri ilə söhbətində Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin tarixindən danışaraq deyib: “Müslüm Maqomayev, Fərman Salmanov və digər tanınmış azərbaycanlılar hər iki xalqın sərvətidir. Ural regionunda da azərbaycanlılar tanınır, onlara xüsusi ehtiram var, onlar Rusiya cəmiyyətinin dəyərli üzvləri sayılırlar”.
Sverdlovskun qanunvericilik orqanının deputatı Vyaçeslav Veqner vilayətdə yaşayan azərbaycanlıların regionun iqtisadi-siyasi, mədəni həyatında fəal iştirakını vurğulayıb. “Sverdlovsk vilayəti ilə Azərbaycan arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir, ticarət dövriyyəsi artır. Bu, əlbəttə ki, bizi sevindirməyə bilməz. Belə bir çətin dövrdə Azərbaycanın simasında güvənə biləcəyimiz etibarlı tərəfdaşımızın olduğuna əminik”, - deyə o bildirib.
Ural Dövlət İqtisad Universitetinin rektoru Yakov Silin Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından keçən 30 ili həm bizim ən yeni tariximiz, həm də gənc nəslin sülh və dostluq şəraitində yaşaması üçün bir nümunə adlandırıb. O vurğulayıb ki, rəhbərlik etdiyi universitetdə xeyli sayda azərbaycanlı tələbə təhsil alır. Eyni zamanda, rektor Ural Dövlət İqtisad Universitetinin Azərbaycan Dövlət İqtisad Universiteti ilə sıx əməkdaşlıq etdiyini, birgə layihələr həyata keçirdiklərini də diqqətə çatdırıb.
Azərbaycan diasporunun fəalları - Novosibirsk vilayətinin Qanunvericilik Məclisinin vitse-spikeri Mais Məmmədov, RAGB-nin Yekaterinburq şəhəri üzrə bölməsinin rəhbəri Toğrul Həsənov və başqaları Zəfər Günü ərəfəsində belə bir möhtəşəm tədbirin keçirilməsini yüksək qiymətləndirib, Azərbaycan xalqını bu əlamətdar tarix münasibətilə təbrik ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq