Xurşidbanu Natəvanın “Gül dəftəri” UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınıb
2023-05-19Link: https://azertag.az/
UNESCO İcraiyyə Şurasının 216-cı sessiyası davam edir. Azərbaycanın Dünya Yaddaşının Beynəlxalq Reyestrinə (Memory of the World International Register) salınması üçün 2022-2023-cü illər üzrə təqdim olunan “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” (“Flower Book” of Khurshidbanu Natavan – album of illustrated verses) adlı nominasiya İcraiyyə Şurası tərəfindən qəbul olunub.
AZƏRTAC xəbər verir ki, qaydalara əsasən, Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənən siyahı müzakirə və təsdiq üçün UNESCO İcraiyyə Şurasının sessiyasına təqdim olunur. Göstərilən nominasiyalar İcraiyyə Şurasının 216-cı sessiyası zamanı qəbul olunduqdan sonra reyestrə salınmış hesab edilir.
UNESCO tərəfindən tərtib olunan və nominasiyaların qısa təsvirini ehtiva edən sənəddə XIX əsr Avropasında qadın yazıçıların kişi təxəllüslərindən istifadə etdikləri bir vaxtda Xurşidbanu Natəvanın İslam Şərqində yerləşən ölkədə ədəbi məclisə sədrlik etdiyi göstərilir. Qarabağ xanlığının son varisi hesab edilən Natəvanın mükəmməl savada və təhsilə sahib olduğu bildirilir. Natəvanın şəxsiyyəti Azərbaycan qadının fenomeni kimi təqdim olunur. Natəvanın Azərbaycanın ictimai həyatına və mədəni inkişafına verdiyi töhfə vurğulanır. Natəvanın “Gül dəftəri” şeirlər albomunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması ölkəmizin Qarabağ bölgəsinin XIX əsrə aid irsinin UNESCO və üzv ölkələr tərəfindən yüksək səviyyədə qiymətləndirildiyini göstərir.
Təqdim olunan nominasiyanın müəllifi Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının alimi Nigar Babaxanovadır.
Xatırladaq ki, X. Natəvanın “Gül dəftəri” şeir albomunda üç rəsm əsəri 2023-cü il martın 21-də UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Frankofoniya Günü çərçivəsində təşkil olunan sərgidə ölkəmizin təşkilat yanındakı daimi nümayəndəliyi tərəfindən nümayiş etdirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris