UNESCO: Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal prioritet hesab edir

UNESCO: Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal prioritet hesab edir

Link: https://azertag.az/

İrsi və adət-ənənələri ilə zəngin bir ölkə kimi Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal prioritet hesab edir. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın UNESCO dəyərlərinin təbliği, dünya irsinin qorunması, tarixi abidələrin bərpası, mədəniyyətlərarası dialoqu inkişaf etdirmək sahəsində müstəsna səyləri olub. Bu təşəbbüslər xalqların məqsəd və dəyərlərinin onların tarixi, zəngin mədəni irsi və beynəlxalq səviyyədə tanınması ilə sıx bağlılığını nümayiş etdirir. Türk irsinin qorunub saxlanılması və birliyinin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm prioriteti olaraq qalır. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır!” kəlamını xatırlatmaq istərdim.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev təşkilatın mənzil-qərargahında “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk”ün 950-ci ildönümü” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. O, 2023-cü il noyabrın 7-dən 22-dək keçirilən Baş Konfransın 42-ci sessiyasında bu yubileyin qeyd olunmasını təklif edən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistana, Macarıstana, eləcə də Mavritaniya, Mərakeş, Qətər və Tacikistana mühüm töhfələrinə görə minnətdarlığını bildirib. Qeyd edib ki, bu yubiley münasibətilə əsər Xalid Səid Xocayevin tərcüməsində Azərbaycan Milli Elmlər Akademiyası və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə dəstəyi ilə ilk dəfə 2024-cü ildə üç cilddə nəşr edilib.

“Bu gün biz təkcə türk dövlətləri üçün yaddaqalan bir tarixi qeyd etmirik, həm də mədəniyyətimizin, dilimizin, ortaq dəyərlərimizin əsl bayramıdır. Mahmud əl-Kaşğarinin “Divanü lüğət-it-türk” əsəri 950 il əvvəl yazılsa da, ədəbi, dil və etnoqrafik müstəvidə zəngin olan əvəzsiz mənbə olaraq qalır. Bu şah əsər həm də türk dövlətləri arasında birlik, qardaşlıq və həmrəyliyin qüdrətli simvolunu təmsil edir. Bu tədbir UNESCO tərəfindən də tanınan “Kitabi-Dədə Qorqud” dastanının və ya Tonyukuk abidəsinin 1300 illiyi kimi digər əlamətdar bayramların davamıdır”, - deyə S.Fətəliyev bildirib.

O vurğulayıb ki, bu tədbirin digər mühüm cəhəti tarixi şəxsiyyətlərin və onların irsinin müasir dünyaya inteqrasiyası ilə yanaşı, onların qlobal biliyə verdiyi töhfələrin tanınmasıdır. “Divanü lüğat-it-türk” beynəlxalq elmi araşdırmaları, eləcə də türk tarixi və mədəniyyətinin dərindən öyrənilməsini təşviq edir. Bu əsər həm də mədəniyyətlərarası dialoq üçün ideal platforma rolu oynayır.

“Türk mədəni irsinin qorunması və təbliği üçün çalışan hər kəsə, xüsusən də bu konfransın iştirakçılarına təşəkkür edirəm. Bu ümumi irsin bütün dünyada daha yaxşı tanınacağına ümid edərək, hər kəsi onun qorunub saxlanılması, öyrənilməsi və təbliğində fəal iştirak etməyə çağırıram. Azərbaycanın UNESCO üzrə Milli Komissiyası türk dövlətlərinin irsinin qorunması və öyrənilməsi lehinə bütün təşəbbüsləri dəstəkləməyə davam edəcək”, - deyə S.Fətəliyev diqqətə çatdırıb.