UNESCO: Azərbaycan İnsan və Biosfer Proqramı üzrə Beynəlxalq Koordinasiya Şurasına üzv seçilib

Link: https://azertag.az/

UNESCO Baş Konfransı çərçivəsində qurumun İnsan və Biosfer Proqramı üzrə Beynəlxalq Koordinasiya Şurasına seçkilər keçirilb. Azərbaycan bu Koordinasiya Şurasına üzv seçilib.

AZƏRTAC xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası məlumat verib.

Bildirilib ki, koordinasiya Şurası üzvlüyünə seçkilərdə 5 ölkə- Azərbaycan, Rumıniya, Bolqarıstan, Rusiya və Ukrayna iştirak edib. Azərbaycan 110 səslə Şuraya 4 il müddətinə (2023-2027-ci illər) üzv seçilib.

İnsan və Biosfer Proqramı üzrə Beynəlxalq Koordinasiya Şurasına üzv olması Azərbaycanın bu sahədə qlobal öhdəliklərinin yerinə yetirilməsində dəstək olacaqdır. Eyni zamanda, artıq yaradılması nəzərdə tutulan nominasıya dosyelərinin şurada qəbul edilməsi və onların idarə olunmasına, eləcə də digər qonşu dövlətlərlə birgə layihələrinin hazırlanması və işlənməsinə öz təhfəsini verəcək.

Həmçinin, ölkəmizdəki Universitetlər vasitəsi ilə bilik və bacaıqların artırılmasına, gələcəkdə Azərbaycanın UNESCO ilə əməkdaşlığına müsbət təsir göstərəcəkdir.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris