UNESCO üzrə Milli komissiyaların baş katibləri üçün təlim proqramı təşkil olunub
2023-04-10Link: https://azertag.az/
Aprelin 10-da ADA Universitetində Afrikanın 10 ölkəsinin UNESCO üzrə Milli komissiyalarının baş katiblərinin iştirakı ilə təlim proqramı keçirilib.
Dövlət İdarəçilik Akademiyasından AZƏRTAC-a bildirilib ki, proqramın əsas məqsədi Azərbaycanın Afrika ölkələri ilə UNESCO çərçivəsində mövcud əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, sözügedən regionda ölkəmiz barədə məlumatlılığın artırılması, ölkəmizin inkişafının əyani şəkildə göstərilməsi, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri ilə bağlı məlumatların daha geniş auditoriyaya çatdırılmasıdır.
Təlimdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərovun “Davamlı inkişaf məqsədləri və inklüziv cəmiyyətin formalaşması naminə dövlət idarəçiliyində yeni texnologiyalar: Azərbaycan təcrübəsi” adlı mühazirəsi dinlənilib.
Görüşün dahi şəxsiyyət Heydər Əliyevin 100 illiyi ərəfəsində keçirildiyini qeyd edən rektor Ulu Öndərin tarixi xidmətlərindən danışıb, Ümummilli Liderin Azərbaycan dövlətçiliyini böyük təhlükələrdən xilas etdiyini, onun yüksək idarəçilik təcrübəsi ilə ölkəni böyük uğurlara apardığını vurğulayıb.
Rektor Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişafı naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını bildirib.
Azərbaycanın bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran lider olduğunu bildirən rektor diqqətə çatdırıb ki, nisbətən məhdud maliyyə imkanları şəraitində Azərbaycanın inklüziv inkişafı indeksinin daha inkişaf etmiş ölkələrdən yüksək olması respublikanın iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifahının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqidir.
Rektor müstəqil və suveren Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu qeyd edərək, inklüziv cəmiyyətin qurulması prosesinin ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasında olduğunu vurğulayıb.
Məruzədə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, müstəqillik dövründə qazanılan siyasi, iqtisadi, hərbi uğurlar, inklüziv inkişafın idarə edilməsi sahəsində ölkənin əldə etdiyi nailiyyətlər barədə geniş elmi statistik təhlil təqdim olunub.
Sonda iştirakçılar Azərbaycanın uğurlu inkişafını və bu fəaliyyətin digər ölkələr üçün də faydalı olduğunu qeyd ediblər.