UNESCO üzrə Azərbaycan Milli Komissiyası İcraiyyə Şurasının 215-ci sessiyasında ölkəmizin həyata keçirdiyi layihələr haqqında məlumat verilib
2022-10-11Link: https://azertag.az/
Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun İcraiyyə Şurasının 215-ci sessiyası davam edir.
AZƏRTAC xəbər verir ki, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Seymur Fətəliyev sessiyada çıxış edərək, Azərbaycan-UNESCO münasibətlərindən danışıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu münasibətlərə verdiyi töhfələri diqqətə çatdırıb, Milli Komissiyanın fəaliyyəti haqqında ətraflı məlumat verib.
Bu il Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 30 illiyi qeyd olunduğunu vurğulayan Milli Komissiyanın baş katibi ötən dövr ərzində ölkəmizin UNESCO-nun prinsip və dəyərlərinin təşviqində müstəsna rol oynadığını diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan bu gün iştirakçısı olduğu bütün beynəlxalq platformalarda, eləcə də UNESCO çərçivəsində dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm və etibarlı tərəfdaşa çevrilib. Ölkəmizdə multikulturalizm, tolerantlıq və dini dözümlülük dövlət siyasəti səviyyəsində inkişaf etdirilib, mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti ölkəmizi çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çeviribdir.
Qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən uğurla həyata keçirilən “Bakı Prosesi” qısa müddət ərzində mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platformaya çevrilib. O, UNESCO-nun əsas prioriteti çərçivəsində ölkəmizin Afrika qitəsində də dayanıqlı inkişafın və sülh mədəniyyətinin təşviqi istiqamətində mühüm töhfələr verdiyini xatırladıb.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının bu təşkilatın bütün prioritet istiqamətləri üzrə fəaliyyətini uğurla davam etdirdiyini bildirib. Azərbaycan Milli Komissiyasının bu təşkilata üzv ölkələrin Milli Komissiyaları ilə əlaqələrinin inkişafından, müştərək proqram və tədqiqat işlərində fəal iştirakından danışıb.
2025-ci ilə qədər UNESCO-nun İcraiyyə Şurasının üzvü olacaq Azərbaycanın UNESCO ilə mədəniyyət, təhsil, elm, informasiya və kommunikasiya sahələrində geniş əlaqələr qurmasından, UNESCO ailəsinin nüfuzlu üzvünə və donor dövlətinə çevrilməsindən söz açıb. Bildirib ki, Azərbaycan Respublikası UNESCO tərəfindən COVID-19 pandemiyası ilə mübarizə məqsədilə təsis edilmiş Qlobal Təhsil Koalisiyasına qoşulmuş və bu istiqamətdə ianə ayırıb.
Milli Komissiyanın baş katibi UNESCO-Azərbaycan əməkdaşlığının genişlənməsində xüsusi rol oynayan “Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi”, onun əsasında yaradılmış Etimad Fondu, Azərbaycan hökuməti tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına UNESCO xətti ilə bir sıra Afrika ölkələrində qızların təhsili, maarifləndirilməsi, gender bərabərliyi, bəzi üzv ölkələrdə davamlı inkişaf üzrə qeyri-maddi mədəni irsin qorunması ilə bağlı layihələr həyata keçirilməsi haqqında məlumat verib.
Baş katib vurğulayıb ki, Azərbaycan qlobal miqyasda həm mədəni, həm də təbii irsin qorunmasına sadiqdir. Afrikanın zəngin mədəni irsinin qorunub saxlanması, ölkəmizin Afrika Ümumdünya İrs Fonduna yardımı, eləcə də cari ilin sentyabrın 12-dən 14-dək Qanada keçirilmiş UNESCO üzrə Afrika ölkələri Milli Komissiyalarının regional iclasına məmnuniyyətlə qoşularaq, tədbirin təşkilinə dəstək göstəribdir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Afrika ilə münasibətlərin daha da inkişaf etdiyini bildirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və UNESCO Baş direktoru Odre Azulenin görüşünü, qurumun Baş Direktorunun Beynəlxalq Əlaqələr və Afrika Prioriteti üzrə müavini Firmin Eduard Matokonun Azərbaycan Milli Komissiyasına ünvanladığı təşəkkür məktubunu, Azərbaycanın təşkilatın məqsədlərinə dəstəyinin yüksək qiymətləndirildiyini xatırladıb.
UNESCO üzrə Azərbaycan Milli Komissiyası və ADA Universitetinin birgə təşkilatçılığı və UNESCO-nun dəstəyi ilə Bakıda Afrika ölkələrinin UNESCO üzrə milli komissiyalarının baş katibləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə ilk təlim proqramı həyata keçirilməsindən danışıb.
Təlim proqramı çərçivəsində iştirakçılara mədəniyyətlərarası dialoq, gender bərabərliyi, inklüziv təhsil, sülh mədəniyyəti, iqlim dəyişikliyinin dünya irsinə təsiri, dayanıqlı inkişaf, müasir geosiyasi şərait, gənclər siyasəti, yaradıcı sənaye, milli kimlik, UNESCO Konvensiyalarından irəli gələn öhdəliklərin həyata keçirilməsi və UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi üçün nominasiya fayllarının hazırlanması prosesi və digər mövzularda mütəxəssislərin və dövlət rəsmilərinin mühazirələri təşkil olunub və təqdimatlar keçirilib.
S. Fətəliyev diqqətə çatdırıb ki, UNESCO üzrə Azərbaycan Milli komissiyası qarşıdan gələn illərdə də müvafiq layihələrdə fəal iştirak edəcək. Bütün bu təşəbbüslər və həyata keçirilən layihələr Azərbaycanın UNESCO ideyalarının və dəyərlərinin təşviq olunmasına, təşkilatın Afrika strategiyasına verdiyi önəmin bariz nümunəsidir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris