UNESCO rəhbəri Azərbaycanla münasibətlərin genişləndirilməsində maraqlı olduğunu bəyan edib

UNESCO rəhbəri Azərbaycanla münasibətlərin genişləndirilməsində maraqlı olduğunu bəyan edib
 

Link: https://azertag.az/

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, UNESCO-nun Baş Konfransının 42-ci sessiyası çərçivəsində ölkəmizi təmsil edən nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov UNESCO-nun Baş Direktoru Odre Azule ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər UNESCO və Azərbaycan arasında mədəniyyət, təhsil, sosial və humanitar elmlər, xüsusilə Mədəniyyətlərarası Dialoq, Bakı Prosesi və mədəni irsin qorunması kimi sahələrdəki əlaqələrə toxunublar. Cari ilin sentyabrın 10-dan 25-dək Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş UNESCO-nun Dünya İrs Komitəsinin 45-ci sessiyası çərçivəsində ölkəmizin iki mədəni irsinin - “Xınalıq və Köç Yolu mədəni landşaftı” və “Hirkan meşələri”nin Dünya İrs Siyahısına daxil edildiyi və bununla ölkəmizin Dünya İrs Siyahısında mövcud olan maddi mədəni irs nümunələrinin sayının beşə çatdığı qeyd edilib.

Nazir müavini Elnur Məmmədov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, həmçinin indiki Ermənistan ərazisində ölkəmizə məxsus mədəni irsin məqsədli şəkildə dağıdıldığını və talan edildiyini qeyd edərək indiki Ermənistan ərazisinə Azərbaycana məxsus mədəni irsin hazırkı vəziyyətinin araşdırılması məqsədilə UNESCO faktaraşdırıcı missiyasının göndərilməsinin vacibliyini vurğulayıb. Həmçinin, görüşdə Azərbaycanın dəvəti ilə BMT missiyasının Qarabağ ərazisinə iki səfərinə dair məlumat verilib.

Elnur Məmmədov ölkəmizin UNESCO ilə səmərəli və hərtərəfli əməkdaşlığın, təşkilatın önəmli tərəfdaşlarından biri kimi ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

UNESCO-nun Baş direktoru Odre Azule rəhbərlik etdiyi təşkilatın Azərbaycanla münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu deyib.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris