UNESCO-nun sessiyasında Azərbaycanın milli bəyanatı təqdim edilib
2022-10-11Link: https://azertag.az/
UNESCO İcraiyyə Şurasının 215-ci sessiyasında Azərbaycanın milli bəyanatı təqdim edilib.
Bəyanatda Azərbaycanın Ermənistanın ərazisində olan mədəni irsinin cari vəziyyətini qiymətləndirmək məqsədilə UNESCO missiyasının göndərilməsinə dair vətəndaş cəmiyyətlərinin, eləcə də QHT-lərin dəfələrlə müraciət etdiyi də xatırladılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev qurumun İcraiyyə Şurasının 215-ci sessiyasında ölkəmizin milli bəyanatını təqdim edib. Bildirib ki, UNESCO-ya üzvlüyünün 30 illiyini qeyd edən Azərbaycan bu illər ərzində təşkilatın mandatına uyğun olaraq bütün sahələr üzrə öz töhfələrini verib.
İcraiyyə Şurasının 214-cü sessiyasından sonra Azərbaycan-UNESCO arasında əməkdaşlığın daha da dərinləşdiyi, ölkəmizin qurumun fəaliyyətinə verdiyi töhfələr qeyd edilərək, 2023-cü il mart ayında Bakının İdman Nazirlərinin 7-ci Beynəlxalq Konfransına (MINEPS VII) ev sahibliyi edəcəyinə dair məlumat verilib. Bəyanatda Azərbaycanın Qoşulmama Hərəkatının sədrliyi çərçivəsində fəaliyyətindən, verdiyi töhfələrdən bəhs edilib və ölkəmizin UNESCO-nun irqçilik və hər növ ayrı-seçkiliyə qarşı fəaliyyətini təqdir etdiyi diqqətə çatdırılıb.
Azərbaycanın 30 illər ərzində genişmiqyaslı təcavüzə məruz qaldığı xatırladılaraq bildirilib ki, işğal dövründə Azərbaycanın əraziləri tamamilə dağıdılıb, doğma torpaqlarından didərgin düşmüş yüz minlərlə insan öz mədəni hüquqlarından məhrum olublar. Bu illər ərzində Azərbaycan dəfələrlə UNESCO-ya bölgəyə texniki missiya göndərməyinə dair müraciət etsə də, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə belə missiyaların reallaşması mümkün olmayıb.
Sonda Azərbaycanın 2008-ci ildə əsası qoyulmuş “Bakı Prosesi”nə, digəri isə MINEPS VII konfransına dair İcraiyyə Şurasının 215-ci sessiyasının gündəliyinə 2 qərar layihəsi təklif edildiyi diqqətə çatdırılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris