UNESCO-nun sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib
2024-06-12Link: https://azertag.az/
UNESCO-nun mənzil-qərargahında “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası”na tərəfdaş ölkələrin 10-cu sessiyası işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycan UNESCO yanında Daimi Nümayəndəliklə təmsil olunur.
Sessiyanın ilk günü Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ölkəmizin milli bəyanatını səsləndirib. O, Azərbaycanın Konvensiyanın dəyər və prinsiplərinə sadiqliyini vurğulayaraq ölkəmizin silahlı münaqişələr və təbii fəlakətlər zamanı qeyri-maddi mədəni irsin qorunmasına töhfə verdiyini bildirib.
Ermənistan tərəfindən maddi və qeyri-maddi mədəni irsimizin dağıdılması ilə bağlı danışan E. Abdullayev 30 illik işğal dövründə Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin dağıldığını sessiya iştirakçılarının diqqətinə çatdırıb. O, Ermənistanın işğalı nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün çövkən, xalçaçılıq və muğam kimi qeyri-maddi mədəni irslərini öz doğma yurdlarında həyata keçirmək hüququndan məhrum edildiyini qeyd edib.
Diplomat Şuşada hər il keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının 2024-cü ildə Şuşanın “İslam Dünyasının Mədəniyyət Paytaxtı” tədbirinin açılış mərasimi ilə üst-üstə düşdüyünü, ötən il Şuşada TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının keçirilməsini xatırladaraq, bu tədbirlərin qeyri-maddi mədəni irsin qorunması və təbliği baxımından vacibliyini diqqətə çatdırıb.
Daimi nümayəndə COP29-a ev sahibliyi edən ölkə olaraq, iqlim dəyişikliyinin qeyri-maddi mədəni irsə təsiri mövzusunun Azərbaycan üçün əhəmiyyətli olduğunu bildirib.