UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyası öz işinə başlayıb
2022-11-28Link: https://azertag.az/
Noyabrın 28-dən dekabrın 3-dək Mərakeş Krallığının Rabat şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyası öz işinə başlayıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyindən məlumat verilib.
Sessiyada ölkəmiz UNESCO yanında Daimi Nümayəndəlik, Azərbaycanın Mədəniyyət Nazirliyi, UNESCO yanında Azərbaycan Respublikası Milli Komissiyası və Mərakeş Krallığındakı səfirliyimiz tərəfindən təmsil olunur.
Sessiya zamanı Komitə tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilməsi məqsədilə Azərbaycanın irəli sürdüyü 1 milli nominasiya “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” və 3 çoxmillətli nominasiyalar “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı” (Azərbaycan, Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan), “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan) və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” (Azərbaycan və Türkiyə) nəzərdən keçiriləcək.
Bununla yanaşı, 17-ci sessiya zamanı 2003-cü il Konvensiyası üzrə Azərbaycanın milli dövri hesabatı və UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş “Çovqan, Qarabağın ənənəvi atüstü oyunu” elementi üzrə milli hesabat nəzərdən keçiriləcək.