UNESCO-nun İcraiyyə Şurasının sessiyasında Azərbaycanın quruma verdiyi töhfələrdən danışılıb

UNESCO-nun İcraiyyə Şurasının sessiyasında Azərbaycanın quruma verdiyi töhfələrdən danışılıb
 

Link: https://azertag.az/

UNESCO İcraiyyə Şurasının 215-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən təqdim olunan “Fit for Life” layihəsinin həyata keçirilməsi və Bədən Tərbiyəsi və İdman Nazirlərinin və Yüksək Vəzifəli Rəsmilərinin VII Beynəlxalq Konfransı (MİNEPS VII)” və “Bakı Prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək” adlı qərar layihələri qurumun üzv ölkələri tərəfindən yekdilliklə qəbul edilib.

Azərbaycan cari ilin iyunun 26-dan 29-dək MİNEPS VII konfransına ev sahibliyi edəcək və bu tədbirə 800-dən çox iştirakçının qatılacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev qurumun 216-cı sessiyasında çıxışında deyib.

Bildirilib ki, ölkəmiz UNESCO İcraiyyə Şurasına üzv olandan Azərbaycanın UNESCO üzrə Milli Komissiyası tərəfindən Afrika ölkələrinin UNESCO üzrə Milli komissiyalarının nümayəndələri üçün hər il təlim proqramı keçirilir. 2022-ci ildə təşkil olunan ilk təlim proqramında Afrikanın 14 ölkəsinin UNESCO üzrə Milli komissiyalarının baş katibləri iştirak edib. Bu il aprelin 1-13-də keçirilən ikinci təlim proqramı fransızdilli ölkələrin UNESCO üzrə Milli komissiyalarının nümayəndələri üçün təşkil olunub. Proqram çərçivəsində Afrikanın 10 ölkəsindən (Benin, Niger, Toqo, Burkina-Faso, Qvineya, Qabon, Cibuti, Kot d’İvuar, Konqo Demokratik Respublikası və Ekvatorial Qvineya) nümayəndələr iki həftə ərzində ölkəmizdə səfərdə olublar.

UNESCO-nun İcraiyyə Şurasının sessiyasında Azərbaycanın quruma verdiyi töhfələrdən danışılıb
 

Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi qeyd edib ki, təlim çərçivəsində proqram iştirakçılarına mədəniyyətlərarası dialoq, gender bərabərliyi, inklüziv təhsil, sülh mədəniyyəti, iqlim və digər mövzularda mütəxəssislərin, dövlət rəsmilərinin mühazirələri təşkil edilib, təqdimatlar keçirilib.

Sessiyada Azərbaycanda keçirilən təlim proqramının birinci və ikinci fazasında fəaliyyəti əks etdirən videoçarx nümayiş olunub.

Milli Komissiyanın baş katibi Seymur Fətəliyev vurğulayıb ki, Afrikanın 24 ölkəsi UNESCO üzrə Milli Komissiyasının nümayəndələri tərəfindən təşkil edilən təlim proqramlarından yararlanıb. O, təlim proqramına verilən dəstəyə görə UNESCO-ya minnətdarlığını bildirib, qarşıdan gələn illərdə qurumun belə layihələrə daha fəal cəlb olunacağına və töhfələr verəcəyinə inandığını deyib. Eyni zamanda, Azərbaycandakı təlim proqramlarının təşviqinin vacibliyini diqqətə çatdırılıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris