UNESCO-nun İcraiyyə Şurasının 216-cı sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib
2023-05-16Link: https://azertag.az/
Regionumuzda terrorçulara abidələr ucaltmaqla, bayraqları yandırmaqla, əsirlərə işgəncə verməklə, etnik üstünlük ideyalarını məktəb dərsliklərində aşılamaqla irqçilik, ayrı-seçkilik və bununla bağlı dözümsüzlük kimi təhlükəli tendensiyaların, xüsusən də bunların qonşu dövlətin siyasətinin tərkib hissəsi olduğunu gördükdə narahatlıq daha da artır.
Bu ilin aprel ayında əlverişsiz hava şəraitində Azərbaycan və Ermənistanın müəyyən edilməmiş sərhədi yaxınlığında itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistan tərəfindən amansız fiziki işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalıblar. Bu Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn və insan hüquqlarının, eləcə də müvafiq beynəlxalq sənədlərin kobud şəkildə pozulmasıdır.
Ermənistan hökuməti məsələnin düzgün araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək əvəzinə, bu hərbçilərə qarşı saxta ittihamlar irəli sürərək, onlara qarşı saxta məhkəmə prosesi açıb. Onların azadlığa buraxılması və ya günahkarların məsuliyyətə cəlb edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin çoxsaylı çağırışlarına məhəl qoymayıb. Ermənistanın müxtəlif qondarma ittihamlarla Bəbirova qarşı 11 il 6 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə qərarı xüsusi narahatlıq doğurur və beynəlxalq qurumlar tərəfindən qəti şəkildə pislənilməlidir. Bu, onilliklər boyu Ermənistan hökumətinin azərbaycanlılara qarşı təşviq etdiyi və himayə etdiyi köklü nifrət və irqçiliyi əks etdirir.
Belə nifrət və irqi ayrı-seçkiliyin daha bir nümunəsi 2023-cü il aprelin 14-də Ermənistanın baş nazirinin də iştirak etdiyi İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının akkreditə olunmuş rəsmilərdən biri tərəfindən zorla götürülərək nümayişkaranə şəkildə yandırılmasıdır. Bu biabırçı jest idman dəyərlərinə və “Fair Play”in universal prinsiplərinə ziddir və Avropa Ağır Atletika Federasiyası tərəfindən kəskin şəkildə pislənilir.
Ermənistan hakimiyyəti bütün azərbaycanlıları öz tarixi torpaqlarından – Qərbi Zəngəzur, Qafan, İrəvan, Göyçə, Nüvədi və Vedidən qovaraq, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər UNESCO İcraiyyə Şurasının 216-cı sessiyasında səsləndirilən Azərbaycanın milli bəyanatında yer alıb.
Azərbaycanın milli bəyanatını səsləndirən qurumdakı daimi nümayəndə Elman Abdullayev bildirib ki, azərbaycanlıların tarixi torpaqlarında onların fiziki izlərinin qəsdən məhv edilməsi Ermənistanda siyasətin vacib elementlərindən olub. Ermənistan ərazisində bütün Azərbaycan yaşayış məntəqələrinin və toponimlərinin adları dəyişdirilib, tarixi-mədəni irs, məscidlər və qəbiristanlıqlar məqsədli şəkildə vandalizmə məruz qalıb və ardıcıl olaraq məhv edilib.
Ötən il 100-dən çox azərbaycanlı alim və ictimai xadimin UNESCO-ya müraciəti xatırladılaraq, İrəvanda azərbaycanlıların yaşadığı tarixi Təpəbaşı məhəlləsinin də eyni aqibət riski altında olduğu bildirilib. Qeyd edilib ki, Qərbi Azərbaycan İcması UNESCO-nun baş direktoruna müraciət edərək, Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərin narahatlığını bildirib, Ermənistanı beynəlxalq öhdəliklərin tələblərinə riayət etməyə çağırıb.
Vurğulanıb ki, 30 ildən artıq davam edən təcavüz və işğal müddətində Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərində xalqımızın mədəni irsini talan edərək tamamilə dağıdıb. Minlərlə mədəniyyət obyekti, beynəlxalq və milli səviyyədə əhəmiyyətli abidələr, məscidlər, məbədlər, məqbərələr, muzeylər, eksponatlar, rəsm qalereyaları, arxeoloji abidələr və kitabxanalar tamamilə yerlə-yeksan edilib.
“Ermənistanın keçmiş prezidenti Azərbaycanın Ağdam rayonunda vandalizmə məruz qalmış və içərisində heyvanlar saxlanılan Cümə məscidinin qarşısında gülə-gülə şəkil çəkdirib, Azərbaycan ərazilərinin işğalı ilə bağlı qondarma qürur hissini nümayiş etdirib. Bu biabırçı və vəhşi hərəkət İslam irsinə və bütövlükdə İslam dünyasına təhqirdir.
Azərbaycan öz tarixi-mədəni irsinə qarşı törədilmiş vəhşilikləri dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmış, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciət edərək bu irsin qorunmasını təmin etmək üçün təxirəsalınmaz tədbirlər görməyə çağırmışdır”, - deyə Ermənistanın ərazilərimizdə törətdiyi vəhşiliklər sessiya iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edilib ki, Ermənistan 30 il işğal müddətində Azərbaycan torpaqlarını mina və partlayıcı maddələrlə çirkləndirib. Ermənistan mina xəritəsini hələ də verməyib və 300-dən çox mülki və hərbçi bu minaların qurbanı olub. Bu minalar azərbaycanlıların doğma evlərinə qayıtmasına əngəl törədir. Bu səbəbdən də Azərbaycanlılar UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Çovqan oyunu, xalçaçılıq sənəti və muğam musiqisini doğma yurdlarında həyata keçirmək hüququndan məhrum olublar.
Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün təhsil infrastrukturuna da böyük ziyan vurduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu gün üzləşilən çağırışlar mədəni müxtəlifliyi təşviq etmək, təhsilin keyfiyyətini artırmaq, mədəniyyətlərarası dialoqu və qarşılıqlı hörməti təşviq etmək üçün birgə işləməyi tələb edir. UNESCO bu dəyərlərin və prinsiplərin irəliləyişində mühüm rol oynamışdır. Bəyanatda dövrümüzün çağırışlarının həllində UNESCO-nun rolu vurğulanaraq, bu dəyərləri təbliğ etmək üçün səyləri birləşdirməyə və davam etdirməyə çağırış edilib.
Milli bəyanatda Azərbaycanın UNESCO çərçivəsində həyata keçirdiyi layihələr haqqında da məlumat verilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris