UNESCO-nun İcraiyyə Şurasının 215-ci sessiyasında “Bakı Prosesi”nə həsr olunmuş qərar layihəsi yekdilliklə qəbul olunub
2022-10-19Link: https://azertag.az/
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulmuş “Bakı Prosesi”nə həsr edilmiş qərar layihəsi UNESCO-nun İcraiyyə Şurasının 215-ci sessiyasında yekdilliklə qəbul olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi "Bakı Prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək" adlı qərar layihəsi yekdilliklə qəbul edilib. Qərar layihəsinə 41 ölkə sponsor kimi qoşulub.
Qərar layihəsinin təqdimatı zamanı Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev 2008-ci ildən başlanılmış təşəbbüsün dünyada mədəniyyətlərarası dialoqun təşviqində ən mühüm platformalardan biri olduğunu qeyd edib, BMT Baş Assambleyasının qətnaməsi və BMT Baş katibinin hesabatını bir daha xatırladıb.
UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ICESCO kimi beynəlxalq təşkilatların tərəfdaş olduğu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna 135 ölkədən 1500 yaxın iştirakçının cəlb olunduğu vurğulanıb.
UNESCO İcraiyyə Şurasının üzvü olan Ermənistan qərar layihəsini hərtərəfli bloklamağa çalışsa da, gərgin müzakirələr nəticəsində qərar layihəsi yekdilliklə təsdiq edilib.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi bütün dünyada mədəniyyətlər və dinlərarası dialoqu təşviq etmək, beynəlxalq səviyyədə bu istiqamətdə maarifləndirməni genişləndirmək, ünsiyyət və fikir mübadiləsi aparmaq üçün ümumi platforma yaratmaqdır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris