UNESCO forumunda Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından danışılıb
2023-12-02Link: https://azertag.az/
Qərbi Azərbaycan İcmasının nümayəndəsi UNESCO-nun İrqçiliyə və ayrı-seçkiliyə qarşı 3-cü Qlobal Forumunda iştirak edib.
Bu barədə AZƏRTAC-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Bildirilib ki, İcmanın Qadınlar Şurasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məlahət İbrahimqızı UNESCO-nun İrqçiliyə və ayrı-seçkiliyə qarşı 3-cü Qlobal Forumunda Qərbi Azərbaycan İcmasını təmsil edib.
Noyabrın 29-dan dekabrın 1-dək Braziliyanın San-Paolo şəhərində keçirilmiş forumda UNESCO üzv dövlətlərinin yüksək səviyyəli rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ekspertlər iştirak ediblər.
M.İbrahimqızı tədbirdə panelist qismində çıxış edib və Ermənistandan azərbaycanlıların didərgin salınması, bunun irqi ayrı-seçkilik aspektləri barədə məlumat verib. Xanım İbrahimqızı irqi ayrı-seçkiliyə qarşı mübarizə sahəsində beynəlxalq səylərin, o cümlədən UNESCO forumunun əhəmiyyətini qeyd edib.
İrqi ayrı-seçkiliyin ən mənfur formalarından birinin mədəni irsə qarşı hücumlar olduğunu diqqətə çatdıran M.İbrahimqızı Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması barədə ətraflı məlumat verib. O, çıxışında mədəni irsin qorunması sahəsində UNESCO-nun rolunu qeyd edərək, bu qurumun Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyətinin hərtərəfli qiymətləndirmək üçün Ermənistana missiya göndərməyə dair İcmanın çağırışını yeniləyib.
İcmanın nümayəndəsi etnik və mədəni müxtəlifliyin qorunduğu, bütün insanların ləyaqət və sülh şəraitində yaşayacağı, irqçilik və ayrı-seçkiliyə yer olmayan dünya uğrunda UNESCO ilə əməkdaşlığa hazır olduğunu bildirib.
M.İbrahimqızı tədbir çərçivəsində üzv dövlətlərin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri ilə də görüşlər keçirib.
Qərbi Azərbaycan İcmasının forumda iştirakı onun öz insan haqları gündəliyinin beynəlxalq aləmdə irəlilədilməsi istiqamətində mühüm addımdır. İcma Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun müvafiq beynəlxalq formatlarda təqdim edilməsi istiqamətində səylərini davam etdirəcək.