UNESCO-da Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr edilmiş fotosərginin açılışı olub

Link: https://azertag.az/

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi və UNESCO yanında Daimi Nümayəndəliyimizin təşkilatçılığı ilə qurumun mənzil-qərargahında tarixi şəxsiyyət, mesenat Hacı Zeynalabdin Tağıyevin (1823–1924) anadan olmasın 200 illiyinə həsr edilmiş fotosərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının UNESCO-nun “Görkəmli şəxslərin və əlamətdar hadisələrin Yubileylər Proqramı” çərçivəsində H.Z.Tağıyevin anadan olmasının 200 illiyi münasibətilə təşkil olunmuş fotosərgidə azərbaycanlı mesenatın həyat və fəaliyyətini, eləcə də Milli Tarix Muzeyinin eksponatlarını əks etdirən fotolar nümayiş olunub.

Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO Baş Direktorun Ofisində Gender Bərabərliyi bölməsinin direktoru Mariya Beqona Lasaqabaster, UNESCO yanında akkreditə olmuş səfirlər, daimi nümayəndələr, diplomatlar iştirak ediblər.

UNESCO yanında daimi nümayəndə Elman Abdullayev çıxış edərək böyük xeyriyyəçi, öz dövrünün maarifçisi H.Z.Tağıyevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Fəxrlə adını çəkdiyimiz Hacı Zeynalabdin Tağıyevin Azərbaycanda maarif və mədəniyyət sahəsində xidmətlərini diqqətə çatdırıb.

Vurğulayıb ki, ölkəsində və onun hüdudlarından kənarda bir çox xeyriyyə cəmiyyətlərinin təməlini qoymuş H.Z.Tağıyev 1901-ci ildə Bakıda ilk qız məktəbinin əsasını qoyub. “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanarsınız. Bir qıza təhsil verməklə isə təhsilli bir ailə qazanarsınız", - deyən H.Z.Tağıyev gənclərin, xüsusilə də qızların maariflənməsinə böyük töhfələr verib. O, xalqın gələcək xoşbəxtliyi, dəyanəti və inkişafının təhsillə, maariflə bağlı olduğunu vurğulayaraq, xalqı işıqlı gələcəyə, tərəqqiyə çatdırmaq üçün çox sayda məktəb açmaq lazım olduğunu bildirib. Böyük mesenat insanların qəlbində təhsil rəmzi kimi əbədiləşib.

E.Abdullayev, həmçinin H.Z.Tağıyevin Azərbaycan mədəniyyətinin, mətbuatının, eləcə də neft sənayesinin inkişafına verdiyi töhfələrdən danışıb.

UNESCO Baş Direktorun Ofisində Gender Bərabərliyi bölməsinin direktoru Mariya Beqona Lasaqabaster qurumun Katibliyi adından salamlayaraq bildirib ki, təhsil UNESCO-nun əsas prioritetidir, UNESCO BMT-nin təhsil üzrə ixtisaslaşmış qurumudur və onun Təhsil Sektoru bu sahədə qlobal və regional səviyyələrdə liderliyi təmin edir, milli təhsil sistemlərini gücləndirir və gender bərabərliyi və Afrikaya xüsusi diqqət yetirməklə təhsil vasitəsilə cari qlobal çağırışlara cavab verir. Təhsil UNESCO-nun əsas prioritetidir, çünki o, fundamental insan hüququ və sülhün qurulması və davamlı inkişafın irəliləyişinin əsasıdır. Azərbaycanlı filantrop H.Z.Tağıyev hələ ötən əsrin əvvəllərində təhsilin vacibliyini, eləcə də cəmiyyətin inkişafında təhsilin böyük rolu olduğunu görüb. Böyük mesenat Azərbaycanda təhsilin, mədəniyyətin inkişafına böyük töhfələr verib. O, hələ ötən əsrin əvvəllərində müsəlman qadınlarının, ümumiyyətlə regionda qadınların maarifləndirilməsinə çalışıb. H.Z.Tağıyev qadınların inkişafına verdiyi önəm və töhfəsi ilə bizim hər birimizi ilhamlandırıb. Tağıyev təkcə qadınların maariflənməsinə deyil, həmçinin UNESCO-nun böyük əhəmiyyət verdiyi mədəniyyətin inkişafına da dəstək verib. Tağıyev məktəblərlə yanaşı, teatrların, mətbuatın inkişafında da böyük rol oynayıb. Bu gün H.Z.Tağıyevin anadan olmasının 200 illiyini qeyd edirik. Onun qaldırdığı və önəm verdiyi məsələlər hələ də gündəmin vacib məsələləridir. O, bir əsr əvvəl qadının təhsil almasının vacibliyini vurğulayıb. Bu gün də hər kəs bilir ki, qadının təhsil alması təkcə bir ailə üçün deyil, cəmiyyət üçün vacibdir”,-deyə M.B.Lasaqabaster vurğulayıb.

Sonra tədbir iştirakçıları fotosərgini ziyarət ediblər. Sərgilənən fotolar maraqla qarşılanıb.

Sərgi zalında H.Z.Tağıyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx yayımlanıb. Sərgi sentyabrın 30-dək davam edəcək.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris